00:00:00
Yazar
Güllər Gülhüseynova
01.07.2026 20:04 33 2 dəq oxuma
Siyasət

NYT: Oman ABŞ-yə Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib

NYT: Oman ABŞ-yə Hörmüz boğazından keçid üçün ödənişin tətbiqi təklifini təqdim edib

Oman ABŞ və digər Qərb ölkələrinə Hörmüz boğazından keçən gəmilər üçün ödəniş tətbiq olunmasını təklif edib. “The New York Times”ın məlumatına görə, plan gəmiçilik şirkətlərindən boğazdan istifadəyə görə xidmət haqqı alınmasını nəzərdə tutur. ABŞ etiraz etsə də, İran və Oman təşəbbüsü irəli sürməkdə davam edir. ABŞ nümayəndələri məsələ ilə bağlı narahatlıqlarını Omanla müzakirə etməyi planlaşdırır.


Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirib ki, Omanın təşəbbüsü İranın Hörmüz boğazındakı təsirini artırmağa yönəlmiş geosiyasi addım kimi dəyərləndirilir:


“Omanın bu təşəbbüsü sadəcə iqtisadi addım deyil, eyni zamanda regionda yeni geosiyasi reallığın formalaşdırılması cəhdi kimi qiymətləndirilə bilər. İran uzun müddətdir ki, Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə görə müəyyən xidmət haqlarının tətbiqini gündəmə gətirirdi, lakin Omanın da bu ideyanı dəstəkləməsi məsələyə fərqli legitimlik qazandırır. ABŞ və Qərb ölkələrinin etirazı isə təsadüfi deyil. Çünki belə bir mexanizmin qəbul olunması gələcəkdə İranın boğaz üzərində siyasi təsir imkanlarını genişləndirə, beynəlxalq dəniz yollarının idarə olunması ilə bağlı yeni presedent yarada bilər. Bu isə Vaşinqtonun bölgədə sərbəst naviqasiya prinsipinə əsaslanan siyasəti ilə ziddiyyət təşkil edir”.


Politoloq qeyd edib ki, Bu təşəbbüs enerji daşımalarının xərclərini artıraraq qiymətlərə təsir göstərə və Hörmüz boğazında geosiyasi gərginliyi gücləndirə bilər:


“İqtisadi baxımdan isə hətta simvolik məbləğdə xidmət haqqı belə tanker daşımalarının maya dəyərini, sığorta və logistika xərclərini artıra bilər. Nəticədə dünya enerji bazarında qiymətlər üzərində əlavə təzyiq yarana, xüsusilə, neft və mayeləşdirilmiş təbii qaz idxalından asılı ölkələr bundan təsirlənə bilər. Təhlükəsizlik aspektindən isə ABŞ, İran və Oman arasında bu məsələ ətrafında fikir ayrılıqlarının dərinləşməsi Hörmüz boğazını yenidən beynəlxalq gərginliyin əsas ocaqlarından birinə çevirə bilər. Bu səbəbdən təşəbbüsün taleyi təkcə iqtisadi deyil, həm də regionun gələcək təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək mühüm geosiyasi məsələ kimi qiymətləndirilir”.


Aydan Əsgərxanlı

#ABŞ #Qərb #İran #Hörmüz #Oman #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər