"Nəzarət güclü olsa, belə hallar yaşanmaz"
“Bakı şəhərində körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 11 may tarixli 635 nömrəli Fərmanının 2-ci hissəsi ləğv edilib.
Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri idarəsinin ləğvinin əsas səbəbi həmin təhsil müəssisələrində mövcud olan nəzarətsizlikdir. Təhsil eksperti Elçin Murad belə deyir. "Mən düşünürəm ki, həm Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olanda, həm də Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nəzdində olanda da hər dəfə eyni problemlə, sualla qarşılaşırıq. Burada əsas məsələ nəzarətsizlik məsələsidir. Məsələn, 2 milyona yaxın yeyintinin aşkar olunması onu göstərir ki, bu səlahiyyət Bakı şəhəri üzrə Baş Təhsil İdarəsi, Bakı Şəhər İcra Hakimiyyətinə və ya Elm və Təhsil Nazirliyinə verilən zaman buna tam diqqət yetirilməyib".
"Məktəbəqədər təhsil müəssiələrində uşaqlara müəyyən qədər bilik, qabiliyyət öyrədilməlidir ki, həmin uşaqlar birinci sinifə başlamadan öncə müəyyən qədər hazırlıqlı olsunlar" - bu isə valideynlərin fikridir. "Uşaqlar birinci sinifə başlamadan öncə məktəbəqədər təhsil müəssisələrinə yox, ibtidai sinif müəllimlərinin yanında xüsusi hazırlığa gedirlər ki, birinci sinifə hazırlıqlı getsin. Təbii ki, bu da əlavə xərc tələb edir. Əgər məktəbəqədər təhsil müəssisələrində tədris düzgün formada olsaydı, buna ehtiyac olmayacaqdı".
Ekspert Uşaq Evləri ilə bağlı da öz fikirlərini bölüşür. Qeyd edir ki, uşaq evləri ilə bağlı bəzi hadisələrə sosial mediada tez-tez rast gəlinir. "Uşaqlarda qida zəhərlənmələri baş verir, nəzarətsizlik, oradakı bəzi məsul şəxslərin uşaqlarla kobud davranışı baxımından valideynlərin şikayətlərinə şahid olurduq. Bütün bu səbəblərin nəticəsində Bakı Şəhər Məktəbəqədər Təhsil Müəsssisələri və Uşaq Evləri İdarəsi ləğv edilib. Bir qurum, təşkilat, hər hansı məsul şəxs işini düzgün yerinə yetirmirsə, valideyn bundan narazı olur və uzaqlaşır. Buna görə də düşünürəm ki, Nazirlik bununla bağlı tədbirlər görməlidir, hər bir qurumda Nazirliyə bağlı nümayəndə olmalıdır". Elçin Murad deyir ki, orta məktəblərdə "məktəblinin dostu" adlı nümayəndələrin olması çox müsbət cəhətdir. Bu nümayəndənin varlığı nəzarəti daha da gücləndirir. "Ona görə də məktəbəqədər təhsil müəssisələri və uşaq evlərində də belə nümayəndələrin olması önəmlidir. Düşünürəm ki, nəzarət güclü olsa, belə hallar yaşanmaz".
Nəzrin Mirzəyeva
