00:00:00
Yazar
Ayan Sədi
07.07.2026 09:43 25 2 dəq oxuma
Sosial

Ödənişsiz mikroavtobuslar Bakıda 

Ödənişsiz mikroavtobuslar Bakıda

Yeni mikroavtobuslar “Böyük şəhərimizin kiçik qonaqları” təqdimatı ilə “BakuBus”un sosial şəbəkə hesabında paylaşılıb.   

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında AYNA-nın mətbuat xidmətidən bildirilib ki, sözügedən nəqliyyat vasitələri hərəkətin məhdudlaşdırıldığı ərazilərdə fəaliyyət göstərəcək. Məqsəd ictimai iaşə obyektlərinə, istirahət məkanlarına və parklanma məntəqələrinə əlçatanlığın təmin edilməsidir:

 

"C1 nömrəli mikroavtobus Xaqani bağı ilə Zərifə Əliyeva küçəsinin sonunu, C2 nömrəli mikroavtobus isə Sabir bağı ilə Əziz Əliyev küçəsinin sonunu əlaqələndirir. Şatllar sərnişinlərin rahat və operativ hərəkətini təmin etmək üçün 7–10 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. İstifadəyə verilən şatllar bu mərhələdə yalnız həftəsonları və bayram günləri saat 12:00-dan 00:00-dək çalışacaq".

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov ödənişsiz avtobuslar layihəsini unikal addım adlandırıb: "Əgər bu layihənin məqsədi ümumi sərnişindaşımanı dəstəkləməkdirsə, onu alqışlayırıq. Məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, avtobuslar arasında interval uzandıqda və ya avtobus tıxac səbəbindən gecikdikdə, eyni marşrut üzrə əlavə avtobusların xəttə buraxılması mümkündür. Bu model Türkiyədə, Rusiyada və digər ölkələrdə də tətbiq olunur. Belə ki, iri tutumlu avtobus gecikərsə və ya hər hansı problemlə üzləşərsə, onun əvəzinə kiçik tutumlu avtobuslar dövriyyəyə buraxılır".

 

Ekspert həmçinin qeyd edib ki, bundan başqa, bu yanaşma məktəbli layihələrində və sərnişin axınının daha intensiv olduğu istiqamətlərdə də tətbiq oluna bilər:

 

"Bu, həm hərəkət intervalının tənzimlənməsinə, həm də nəqliyyat sisteminin inkişafına dəstək verər. Eyni zamanda, nəqliyyat vasitələri arasında koordinasiyanın gücləndirilməsinə də xidmət edər. Hazırda layihə sınaq məqsədilə həyata keçirilir. Onun perspektivini, inkişaf istiqamətlərini və effektivliyini yaxın zamanda görəcəyik".

 

Aişə Mustafayeva

#ödənişsiz #baki #bakıda #yeni #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər