00:00:00
Yazar
Admin User
28.09.2025 10:39 172 3 dəq oxuma
Mədəniyyət

“Odlar yurdunun aslan oğullarına...”

“Odlar yurdunun aslan oğullarına...”

Hər bir situasiyanın, hadisənin insanlarda yaratdığı müxtəlif fikirlər olur. Mənfi və ya müsbət fərq etmir, düşünmə qabiliyyəti olan hər kəs düşünür ki, düşünməlidirlər. Bu fikirlər çox vaxt dilə gətirilir və görürsən ki, bir yox, bir neçə nəfər eyni şeyi deyir. Bunlardan biri də “elə yaxşı, igid oğullarımız gedib şəhid olublar ki, heyif...”, xoşlarına gəlməyən birini görəndə “beləsi gedib şəhid olmadıye, dağ boyda oğullar getdi” kimi fikirlərdir.

 

Məsələ də burasında deyilmi?! Bəli, igidlərimizin şəhidliyi bizə iftixar hissi yaşatsa da, hər birimizin qəlbini parçalayır. Amma bu torpaq uğrunda şəhid olacaq oğullar elə onlar idi: cəsur, qorxmaz, şərəfli, kişi sözünün layiqli daşıyıcıları. Görəsən, onların “beləsini göndərəsəne, sərhədə” dediyi adamların səngərə gedib şəhid olması, onlar üçün vuruşması bu boyda fəxri onlara yaşadacaqdımı? Xeyr. Sözsüz ki, xeyr.

 

Bura Azərbaycandır, Odlar yurdu, Od torpağıdır. Odlar ölkəsi üçün vuruşanın qəlbində böyük bir məşəl yanmalıdır. Bu məşəli alovlandıran yurd sevgisi, xalq qeyrəti, düşmən nifrəti olmalıdır. 1992-də Xocalıdan, öz evindən, yurdundan qovulmuş günahsız, heç nədən xəbərsiz körpələrin göz yaşını illər sonra da olsa qurutmaq eşqi yanmalı idi onların gözlərində. Heç kimlə işi olmayan, amma hər gələnin bir ovuc götürüb qaçdığı o torpaqları öz sahiblərinə qaytarmaq üçün canını dişinə tutub savaşmalı idilər. Amma Azərbaycan əsgəri bundan daha çoxunu eləyib. Bəli, qəhrəman oğullarımız, ən yaxşılarımız şəhid olublar. Çünki bu Vətən yolunda pislərin qurban gedəcəyi qədər dəyərsiz deyil. O oğulları isə analar özləri üçün yox, bu yurd üçün dünyaya gətiriblər. Özləri belə bilmədən.

 

Bir şəhidimizin anasının dediyi kimi “bu oğullar evdən yox, eldən getdilər”. Nə xoş onlara. Onların bir ailəsi yox, böyük bir Azərbaycanı var.

 

Mən şəhid analarının danışdıqlarına diqqətlə qulaq asıram. Çünki onlar təkcə öz oğulları haqqında yox, mənim torpağımda ağacların bar verməsi üçün onları qanı ilə suvaran aslanlarımdan danışırlar. Maraqlısı bilirsiniz nədir?! Bu oğulların hər biri lap balaca yaşından vətənpərvər olublar. Özü də elə-belə yox. Bütün qəlbi ilə, ruhu ilə, canı ilə.

 

Bir neçə gün öncə Azərbaycan Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrinin baş leytenantı Cəbrayıl rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Cəmil Nəcəfovun evində idik. Anası Mətanət ana oğlunun uşaqlıqda hazırladığı Buratino oyuncağını göstərdi. Hansı ki, taxtadan düzəldilmiş bu oyuncağın üstündə Azərbaycan bayrağını yapışdırıb. Uşaqlıqdan vətən məfhumu dolub qəlbinə. Zərrə-zərrə işləyib ruhuna. Bilirsiniz, necə yaraşıqlı oğlan imiş, Cəmil?! Baxmaq üçün dörd göz gərəkdir. Qəlbi isə təmiz, xeyirxah, hamıya qarşı nəcib imiş. Baxın Azərbaycan şəhidi belə olmalı idi.

 

Aprel döyüşlərində şəhid ola bilmədiyi üçün evə qaşqabaqlı gələn hərbçinin vətənidir bura. Anasını, övladını, ailəsini yox, məhz bu torpaqları, el qeyrətini seçən oğulların ölkəsidir bu ölkə. Poladların, Mübarizlərin torpağıdır bu torpaq.

Bir qazimizdən adını soruşuram “adım Vətəndir” deyir. Özünü Vətən deyə təqdim edən, canını tapşırmasa da, əlini, qolunu, ayağını, gözlərini, psixologiyasını bu torpağa qurban deyən qəhrəmanların soydaşlarıyıq biz. Gözlərini itirmiş qazimiz “bu mənim borcumdur”, deyir. Şəhid anası “mən oğluma söz verirəm, onun adına layiq yaşayacam”, deyir.

 

‎Bundan sonrasını biz düşünək. Biz bu torpağa, bu yurda, bu ölkəyə, Vətənə, bu insanlara layiq olmaq üçün bu gün nə edirik?

Onları unutmayaq. Onları unutmaq, kimliyimizi, mənliyimizi, varlığımızı, tariximizi unutmaqdır. Onlar tarix yazdılar, həm də tarixə qovuşdular. Azərbaycanın dil açacaq hər bir uşağının dilində, yaddaşı zəifləmiş hər bir ahılının xatirəsində, başımızı ucaldıb Zəfər salnaməsini yazan şəhidlərimizin adı əbədi qalacaq. Azərbaycanda açacaq hər bir gül, yetişəcək hər bir meyvə, oxunacaq hər bir mahnı, dağlar arxasından boylanan günəşdə, yağacaq yağışların hər damlasında Siz varsınız, Şəhidim.


Yaradan hər birimizə sizə layiq olacağımız ömrü versin, Şəhidim.


Ülviyyə Oruc

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər