00:00:00
Yazar
Admin User
08.08.2023 17:22 274 2 dəq oxuma
Sosial

Oğlu əsir düşən anaya hörmətsizlik edildi

Oğlu əsir düşən anaya hörmətsizlik edildi

Bu ilin aprelində əsir düşmüş, əslən Naxçıvandan olan hərbçi – Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Mərkəzi Neftçilər Xəstəxanasında həkimin onunla kobud rəftar etməsindən şikayətçidir.

 

İnformator.az – a danışan Dürdanə xanım bildirir ki, övladının əsir düşməsindən sonra onda və 21 yaşlı qızında panik atak yaranıb. Hətta gecələr elə olur ki, bir neçə dəfə təcili tibbi yardım maşını köməyə gəlir.


Daha sonra müsahibimizə Mərkəzi Neftçilər Xəstəxanasından həkim nevroloq İradə Əhmədova tövsiyə olunub. Dürdanə xanım 24 iyul saat 11.00 radələrində xəstəxanaya müraciət edib. Həkimin otağına daxil olan Dürdanə Bəbirova və qızı elə ilk dəqiqələrdən həkim İradə Əhmədovanın “limitim dolub” deyərək onlara qarşı sərt və kobud rəftarı ilə qarşılaşıb. Uzaq yoldan gəldiklərini bildirən müsahibimizə həkimin verdiyi reaksiya eyni olub.


Dürdanə xanımın sözlərinə görə, son ana qədər oğlunun əsir olduğunu deməyib. Lakin əlacsız qalaraq bu faktı vurğulayıb. İradə Əhmədova isə: “Mənə nə? Limitim dolub”, - deyə cavab verib, hətta onları otaqdan çıxarmağa çalışıb. Səbrini sıxıb saxlayan müsahibimiz buna dözməyib və həkimi sərt tənqid edib. Bu səbəbdən tərəflər arasında mübahisə baş verib. Xəstəxananın baş həkimi Hikmət Nağıyev ondan bu xoşagəlməz halla bağlı üzr istəyib və başqa bir həkimə yönləndirib. Ancaq Dürdanə xanım İradə Əhmədovanı bağışlamayacağını bildirib.


Məsələ ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi Hikmət Nağıyevlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz oldu. Bir neçə dəfə cəhd etdikdən sonra xəstəxananın kadrlar şöbəsindən bildirildi ki, rəhbərliyə yazılı ərizə ilə müraciət etmək lazımdır. Sözügedən insidentin bundan sonra araşdırılacağı deyildi.


Məsələ ilə bağlı TƏBİB-ə də müraciət etdik. Bildirildi ki, TƏBİB- in nəzdində müvafiq tibbi komissiyalar yaradılıb. Onların arasında TƏBİB-in tabeliyində olan tibb müəssisələrində işləyən tibb işçilərinin yol verdikləri nöqsanları araşdırmaq, bu kimi neqativ halların baş verməsinin qarşısını almaq, habelə tibb işçilərinə fəaliyyətlərində yalnız qüvvədə olan səhiyyə qanunvericiliyinin tələblərini rəhbər tutmaları barədə tövsiyələr vermək məqsədilə yaradılan komissiyalar da var: “Tabeliyimizdə fəaliyyət göstərən tibb müəssisələrinin personalı tərəfindən əmək funksiyalarının icrasında hər hansı nöqsanlar aşkar olunduqda, həmin həkimlər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada intizam məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikasının qanunvericiliyində həkim səhvinə görə mülki və cinayət məsuliyyəti nəzərdə tutulub. Araşdırma nəticəsində həkim səhvi sübuta yetirilərsə, qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri tətbiq olunur”.

 

Fərahim Rzazadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər