Oleşkidə atəşkəs: Sakinlər aclıqdan alaq otları yeyir
Rusiyanın işğalı altında olan Ukraynanın Oleşki şəhərində sakinlərə humanitar yardım çatdırılması və mülki əhalinin təxliyəsi üçün müvəqqəti atəşkəs qüvvəyə minib. Ukrayna rəsmiləri və Rusiya Müdafiə Nazirliyi atəşkəsə əməl olunduğunu bildiriblər. Təxliyənin və yardımın çatdırılmasının cümə günü həyata keçirilməsi planlaşdırılır.
Xerson vilayətində yerləşən şəhərdə sakinlər ərzaq, su, qaz və elektrik çatışmazlığından əziyyət çəkirlər. Şəhərdə üç ildir elektrik, qaz və su təchizatı yoxdur, mağazalar isə fəaliyyət göstərmir. Bəzi sakinlər aclıqdan həyətlərdə bitən alaq otlarını bişirərək yeməyə məcbur olduqlarını BBC-yə bildiriblər.
Kiyevin məlumatına görə, şəhərdə və ətraf ərazilərdə təxminən 6 min nəfər, o cümlədən 200 uşaq qalıb. Müharibədən əvvəl 24 min əhalisi olan Oleşki 2022-ci ilin fevralında Rusiya qüvvələri tərəfindən ələ keçirilib. Şəhərdən çıxış yollarının minalanması və dron hücumları sakinlərin təxliyəsini təhlükəli edir.
ABŞ-nin birinci xanımı Melaniya Trampın təşəbbüsü ilə əldə edildiyi bildirilən atəşkəs humanitar yardımın çatdırılmasına və yolların minalardan təmizlənməsinə imkan yaratmalıdır. Roma Papası XIV Leo da Rusiya Prezidenti Vladimir Putini şəhərə ərzaq və tibbi yardımın buraxılmasına çağırıb.
Şəhərdə tibbi xidmətlər də ciddi məhdudlaşıb. Sakinlərin sözlərinə görə, qismən fəaliyyət göstərən yeganə xəstəxana həftənin yalnız bir neçə günü açılır və təcili amputasiya əməliyyatları həyata keçirir. Minaya düşərək iki əməliyyat keçirən bir sakin isə təxliyəyə qoşula bilməyəcəyindən narahat olduğunu bildirib.
BBC
Fidan Alışova