00:00:00
Yazar
Admin User
02.08.2023 17:08 334 2 dəq oxuma
Sosial

Ölkə turizmində canlanma: həm gələn, həm gedən turistlərin sayı artıb

Ölkə turizmində canlanma: həm gələn, həm gedən turistlərin sayı artıb

Azərbaycana gələn turistlərin, eləcə də Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərlərində artım var. Bəs görəsən ən çox hansı ölkələrdən Azərbaycana gələnlər var? Azərbaycanlılar hansı ölkələrə üz tutur?

 

İnformator.az xəbər verir ki, Azərbaycana gələn turistlərin sayı 1,5 dəfə artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-may aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 713 min turist gəlib. Gələnlərin təxminən 32%-i Rusiya, 20%-i Türkiyə, 8%-i İran, 5%-i Gürcüstan və digər ölkələrin payına düşüb. Gələnlərin təxminən 74 %-ni kişilər, 26 %-ini qadınlar təşkil edib.

 

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı təxminən 6, Türkmənistandan 4, Hindistan, Belarus və Özbəkistandan isə 3 dəfə artıb. Başqa ölkələrdən gələnlərin sayında da artım var. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayanlar daha çox hava nəqliyyatından istifadə ediblər. İkinci yerdə dəmir yolu və avtomobil, üçüncü yerdə isə dəniz nəqliyyatı gəlir. Maraqlıdır, bəs mövsümlə əlaqədar Azərbaycan vətəndaşları və qonaqlar dincəlmək üçün daha çox hara üz tutur?

 

Turizm eksperti Ceyhun Aşırov deyir ki, Azərbaycana gələnlər ən çox təbii ki uçuş yolu ilə gəldikləri üçün Bakı şəhərinə gəlirlər və regionlara da səfər edirlər: "Azərbaycanın öz vətəndaşları da daha çox regionlarda istirahətlər planlaşdırırlar. Bura istər Quba-Qusar, ən çox Qəbələ, Naftalan, Goranboy hissəsi, turizm infrastrukturu əlverişli olan və xüsusən paytaxtdan o qədər də çox uzaq olmayan ərazilər daha aktivdir".

 

Azərbaycanlılar da səyahət məqsədilə müxtəlif ölkələrə üz tutublar. Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 19,5 % artaraq təxminən 634 min nəfərə çatıb. Belə ki, ölkə vətəndaşlarının təxminən 39%-i Türkiyəyə, 24%-i Rusiyaya, 9%-i Gürcüstana, 7,9 %-i İrana, 19,4 %-i digər ölkələrə səfər edib. Gedənlərin 69,5%-ni kişilər, 30,5%-ni qadınlar təşkil edib. Vətəndaşların 67,2 %-i hava nəqliyyatından istifadə ediblər. İkinci yerdə 30%-lə dəmir yolu və avtomobil, üçüncü yerdə isə 2,8 %-lə dəniz nəqliyyatı təşkil eidr.

 

Rusiya və Gürcüstana gedənlərin sayı artıb. İrana və Türkiyəyə gedənlərin sayında azalma müşahidə olunub. Ekspertlərin fikrincə, uçuş nöqtələrinin artırılması və uçuşların intensivləşdirilməsi ümumi gəliş-gedişin artmasına səbəb olub. Ceyhun Aşırov bildirir ki, quru sərhədlər hələ də bağlıdır və uçuş nəqliyyatının özündə bir bahalaşma var, eyni zamanda turistik bölgələrin özündə də dünyada da inflyasiya səbəbindən qiymətlərin enerji daşıyıcılarının qalxma səbəbindən də tur paketlərin qiymətində 50%-dən çox bahalaşma var: "Amma uçuş xəttlərinin artmasına görə onu deyə bilərik ki, əvvəlki ilə nisbətən bu il gedənlərin sayında da biz bu artımı görəcəyik".

 

Bu, müxtəlif macəra turizmi, ekoturizm, eləcə də çimərlik tətilidir. Pandemiyadan üç il sonra turizm tədricən normala qayıdır. Ekspertlər dünya turizminin 2024-cü ilə qədər tam bərpa olunacağını proqnozlaşdırırlar.

 

Şəbnəm

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər