"Ölkədə Azərbaycan dilini təbliğ etmək vegetarian cəmiyyətində ətyeyənliyi təbliğ etməyə bənzəyir"
İnformator.az informasiya portalının bugünkü müsahibi feysbukda ən aktiv ictimai-mədəni səhifələrdən olan "Grammar Azi"nin təsisçisi Murad Hüseynovdur.
1. Murad bəy, hansı səbəbdən belə bir ictimai-mədəni səhifəni yaratmaq qərarına gəldiniz?
- Çünki bu sahədə boşluq var. Hazırda həmin boşluğu səhifəmizlə bacardığımız qədər doldurmağa çalışırıq. Uzun bir dövr ərzində ictimai məkanda dilimizin qaydalarına riayət edilməməsi və buna nəzarətin yoxluğu dilimizin cəmiyyətdəki nüfuzunun enməsinə səbəb olub. Səhifəmizin işi, üslubu, əsasən, yazı səhvlərinin göstərilməsindən ibarətdir, məqsədimiz də odur ki, cəmiyyətimizdə də belə bir vərdiş yaransın. Yeri gəlmişkən, bu vərdiş artıq cəmiyyətdə yaranıb və inkişaf etməkdədir.
2. Feysbukda yaratdığınız səhifəni 70 minə yaxın insan izləyir. Sizcə, oxucu auditoriyasının inamını qazana bilmisinizmi?
- Böyüklüyündən asılı olmayaraq, bu cür səhifəni idarə etmək böyük məsuliyyətdir. Səhifədə 10 nəfər olsa belə, hər bir məlumatı paylaşmazdan öncə onun düzgünlüyünü yoxlamaq lazımdır, çünki o 10 nəfəri yanlış məlumatlandırmaq olmaz. Paylaşılan məlumatla razılaşmayan şəxslər də olur, amma bizim məqsədimiz kiminsə ürəyincə olan yox, düzgün və təsdiqlənmiş məlumatı paylaşmaqdır. Bəli, bu 7 il ərzində izləyicilərin etimadını qazana bilmişik, bunu səhifəmizə sualla müraciət edən şəxslərdən, onların təmsil etdiyi qurumlardan, verdikləri sualın ciddiliyindən bilmək olur. Tez-tez rəsmi sənəd, diplom işi, bədii əsər və s. yazarkən səhifəmizə yazı qaydaları ilə bağlı suallar verirlər. Toy dəvətnaməsi yazısını da, başdaşı üzərinə həkk olunacaq yazını da yoxlamışam.
3. 7 ildir "Grammar Azi" səhifəsi fəaliyyət göstərir. Səhifənin işində hansısa çətinliklər varmı? Varsa nədir?
- Bu cür səhifəni inkişaf etdirmək çox çətindir. Mən şikayətlənmirəm, amma faktı deyirəm. Azərbaycanda Azərbaycan dilini təbliğ etmək vegetarian cəmiyyətində ətyeyənliyi təbliğ etməyə bənzəyir. Əvvəl qeyd etdiyim kimi, cəmiyyətimizdə dilimizin nüfuzu aşağıdır və mən bunu getdikcə daha aydın görürəm. Səhifəni yaratdığım ilk dövrdə bunu bilmirdim, indiki təsəvvürlərim yox idi. 2016-cı ildə vəziyyətin nə yerdə olduğunu bilsəydim, bu səhifəni yaradardımmı? Bilmirəm. Təsəvvür edin, feysbukda böyük bir səhifədə, məsələn, Koreya dili haqqında paylaşım etsəniz, istifadəçilər o mövzuda müzakirə aparacaqlar, bu dili bilənlər əlavə məlumat qeyd edəcəklər və s. Mən isə Azərbaycan dilinin qaydaları haqqında paylaşım edəndə mütləq kimsə bunu "nöqtə-vergül məsələsi" adlandırır, səhvlə dolu "gülməli" şərh yazaraq bəyənmə yığmağa çalışır, qaydanı bilmədiyini etiraf etməyin əvəzinə onu məsxərəyə qoyur, "Heç hənanın yeridir?" kimi bir rəy yazır və s. Nəzərə alın ki, sadaladığım tipdə şərhlərin müəllifləri rus dilində təhsil almış şəxslər və ya rusdillilər deyil. Bu cür cəmiyyətdə dilin qaydalarına həsr olunmuş səhifəni idarə etmək, əlbəttə, asan deyil.
4. "Grammar Azi" səhifəsi əsasən xəbər saytlarında orfoqrafik səhvlərin göstərilməsi və həmin nöqsanların düzgün yazılışı ilə yadda qalıb. Sizcə, saytların və digər informasiya subyektlərinin səhvləri məqbuldurmu?
- Səhifəmiz, demək olar, hər növ ictimai yazıda səhvlərə reaksiya verir. Hər bir saytın hədəfi mümkün qədər böyük auditoriyaya xitab etməkdir. Onların yazılarında səhv olarsa, həmin səhv o auditoriyanın hafizəsində qalır. Məsələn, bir böyük xəbər saytı vacib bir xəbərin mətnində "silkələdi" sözünü "sirkələdi" formasında yazsa, o söz yüzlərlə insanın yaddaşında o formada qalacaq. Onlar da yazılarında həmin səhvi yayaraq zəncirvari reaksiyanı davam etdirəcəklər.
5. Azərbaycan dilindəki orfoepiya və orfoqrafiya qaydaları sizi qane edirmi? Sizcə, dəyişikliyə ehtiyac varmı?
- Hər kəs hər bir dildə hansısa qayda ilə razılaşmaya bilər. Əgər kimsə nə iləsə razılaşmırsa, demək, o bu mövzuda nəyisə bilir. Mənim üçün əsas mümkün qədər çox öyrənmək, mümkün qədər çox bilməkdir. Nə qədər çox bilsəm, başqaları üçün o qədər faydalı olacağam. Çünki mənim hansısa qayda ilə razılaşıb-razılaşmamağımın kimisə faydası yoxdur. Əlbəttə, orfoqrafiya, punktuasiya, orfoepiyada razılaşmadığım, sualla yanaşdığım qaydalar var, amma dəyişikliklərin çoxluğunun da tərəfdarı deyiləm.
6. Son olaraq, "Grammar Azi" səhifəsi üçün gələcəkdə nə düşünürsüz?
- Səhifəmiz üçün sayt açmağı, insanlara daha əlçatan olmağı planlaşdırıram.
Mikayıl Mirzəzadə
