00:00:00
Yazar
Admin User
07.11.2023 13:42 497 2 dəq oxuma
Sosial

Ölkədə qəbul sistemi dəyişməlidir

Ölkədə qəbul sistemi dəyişməlidir

“İnsanların öz ixtisaslarını düzgün şəkildə seçə bilməməsinin altında bir çox səbəblər yatır. Bu vəziyyətə multifaktorial vəziyyət deyilir. Yəni, ixtisasın düzgün şəkildə aparılmamasına bir çox amillər təsir edir”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında təhsil üzrə ekspert Qoşqar Məhərrəmov söyləyib. Ekspertin sözlərinə görə, bu amillərdən ilki ali təhsilin arzu olunan qədər, keyfiyyətli tədris edilməməsi, xüsusilə qiymətləndirmə proseslərinin bəzi hallarda asan yönümlü olmasıdır.

 

“Ali təhsildə səriştələri tam qazanmadan, ustalaşmadan, orta və aşağı qiymətlərlə belə məzun olmaq mümkündür. Bəzən dərs çalışmadan, müxtəlif, xoşagəlməz üsullarla məzun olan onlarla tələbələr qeydə alınır. Həmin tələbələr isə öz növbəsində ixtisasını bilmədən, məcbur qalıb müəyyən peşəyə atılırlar”.

 

Ekspert deyir ki, düzgün ixtisasa mane olan ikinci səbəb isə tələbələrin bu ixtisasa gələrkən, onu düzgün şəkildə seçməməsidir.

 

“Yanlış ixtisas, tələbənin təhsil həyatında da öz mənfi tərəflərini daim göstərir. Belə ki, tələbə dərslərini yaxşı oxumur, aşağı balla da məzun olur”.

 

Qoşqar Məhərrəmov düşünür ki, düzgün ixtisas seçməməyin digər səbəbi də, valideynin övladını məcbur yönləndirməsi, yaxud abituriyentin özünün ixtisasla əlaqədar bir məlumatının olmamasıdır.

 

“İnsanlar bunun nəticəsində özlərinə uyğun olmayan peşəyə yiyələnirlər, iş fəaliyyətlərini nizamlaya bilmirlər”.

 

Ekspertin sözlərinə görə, üçüncü səbəb odur ki, universitetdən məzun olduqdan sonra insanlar iş axtararkən, iş yerləri öz işçisini yetişdirməyə hazır olmur.

 

“İş sahibkarları belə özlərinə hazır işçi axtarırlar. Əslində, iş yerləri müxtəlif peşəkar, inkişaf təlimləri hazırlamalı, öz işçilərini özləri yetişdirməlidirlər”.

 

Qoşqar Məhərrəmov düzgün ixtisasa mane olan sonuncu səbəbi isə belə şərh edib:

 

“Dördüncü səbəb isə Azərbaycanda universitetə giriş qapısının dar, çıxış qapısının isə geniş olmasıdır. Lakin, bu hal tərsinə olmalıdır. Abituriyentlər universitetə asanlıqla girib, çətinliklə məzun olmalıdırlar. İnsanlar balına görə ixtisas seçməməlidir. Onlar istədiyi ixtisasda oxumalıdırlar”.

 

Ekspert təklif edir ki, ölkədə qəbul sistemi dəyişərək, universitetlərin öhdəliyinə verilməlidir.

 

“Tələbələr universitetlərə öz balı ilə müraciət etməlidirlər. Univetsitetlər də öz növbəsində tələbələrini seçməlidir. Yoxsa, “balım bura çatdı, bura düşdüm” düşüncəsi formalaşmalı deyil”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər