Ölkədə turizmin vəziyyəti - Hara səfər edirik, hardan turist qəbul edirik?
Azərbaycana gələn turistlərin, eləcə də azərbaycan vətəndaşlarılarının xarici ölkələrə səfərlərində artım var. Bəs görəsən ən çox hansı ölkələrdən Azərbaycana gələnlər var? Azərbaycanlılar hansı ölkələrə üz tutur? İnformator.az suallara cavab tapmağa çalışıb.
Azərbaycana gələn turistlərin sayı 1,5 dəfə artıb. Bu ilin ilk beş ayı ərzində Azərbaycanı dünyanın 176 ölkəsindən 713 min turist ziayarət edib. Qonaqların təxminən 32%-i Rusiya, 20%-i Türkiyə, 8%-i İran, 5%-i Gürcüstan və digər ölkələrin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı təxminən 6, Türkmənistandan 4, Hindistan, Belarus və Özbəkistandan isə 3 dəfə artıb. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayanlar daha çox hava nəqliyyatından istifadə ediblər.
Turizm eksperti Ceyhun Aşurov bildirib ki, Azərbaycana gələnlər ən çox uçuş yolu ilə gəldikləri üçün Bakı şəhərinə gəlir və regionlara da səfər edirlər: “Azərbaycanın öz vətəndaşları da daha çox regionlarda istirahətlər planlaşdırırlar. Bura Quba, Qusar,ən çox Qəbələ, Naftalan, Goranboy kimi bölgələr aiddir. Turizm infrastrukturu əlverişli, xüsusən paytaxtdan o qədər də çox uzaq olmayan ərazilər turistik baxımdan daha aktivdir”.
Hesabat dövründə xaricə gedən Azərbaycan vətəndaşlarının da sayı19,5 % artıb.Ölkə vətəndaşlarının təxminən 39%-i Türkiyəyə, 24%-i Rusiyaya, 9%-i Gürcüstana, 7,9 %-i İrana, 19,4 %-i digər ölkələrə səfər edib. Vətəndaşların 67,2 %-i hava nəqliyyatından istifadə ediblər. Rusiya və Gürcüstana gedənlərin sayı artsa da səyahət üçün İran və Türkiyən seçənlərin sayında azalma müşahidə olunub. Ekspertlərin fikrincə, uçuş nöqtələrinin artırılması və uçuşların intensivləşdirilməsi ümumi gəliş-gedişin artmasına səbəb olub.
Ekspert əlavə edib ki, quru sərhədlər hələ də bağlıdır və uçuş nəqliyyatının özündə bir bahalaşma müşahidə olunur: “Eyni zamanda turistik bölgələrin özündə də dünyada görünən inflyasiya səbəbindən qiymətlərin enerji daşıyıcılarının qalxma səbəbindən də tur paketlərin qiymətində 50%-dən çox bahalaşma var. Amma uçuş xəttlərinin artmasına görə onu deyə bilərik ki əvvəlki ilə nisbətən bu il gedənlərin sayında da biz bu artımı görəcəyik”.
Qeyd edək ki, pandemiyadan sonrakı üç ildə turizm tədricən normala qayıdır. Ekspertlər dünya turizminin 2024-cü ilə qədər tam bərpa olunacağını proqnozlaşdırırlar.
Xumar Bayramqızı
