00:00:00
Yazar
Admin User
15.08.2023 08:58 348 3 dəq oxuma
Sosial

“ÖLKƏDƏKİ BÜTÜN DAŞINMA ŞİRKƏTLƏRİ YOXLANMALIDIR”

“ÖLKƏDƏKİ BÜTÜN DAŞINMA ŞİRKƏTLƏRİ YOXLANMALIDIR”

10 ildir Azərbaycanda fəaliyyət göstərən “Wolt”un fəaliyyəti dayandırılıb. Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. “Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus müəssisədə aparılan planlı yoxlama çərçivəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması məlum olub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmadığı, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydaları pozulmaqla daşındığı, həmin nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmadığı, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçmədikləri müəyyənləşib”. Agentlikdən o da deyilib ki, havanın anormal keçməsi bu məsələni daha da aktuallaşdırır. Belə ki, xüsusilə isti yay aylarında qida məhsullarının daşınması, saxlanması ilə bağlı hər hansı bir qanunvericiliyin tələblərinin pozulması insan sağlamlığına ciddi fəsadlar yarada bilər. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə, cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.

Ekspertlər də istər “Wolt Azərbaycan”, istərsə də ölkədə mövcud olan digər daşınma şirkətlərinin  nə dərəcədə tələblərə uyğun fəaliyyət göstərməkləri ilə bağlı istehlakçılarda çox ciddi suallar yarandığı qənaətindədirlər.

İqtisadçı ekspert Elşad Məmmədov İnformator.az  saytına açıqlamasında verilən qərarı dəstəklədiyi bildirib. Onun sözlərinə görə, dövlət bu istiqamətdə müvafiq tədbirlər görməli və həmin şirkətlərə müvafiq cəza tədbirləri tətbiq olunmalıdır. “Onların yol nəqliyyat hərəkətləri qaydalarına əməl etməmələri ilə bağlı sürücülərdə çox baş ağrıları peyda olub. Digər tərəfdən daşıdıqları qidaların hansı şəraitdə gətirilməsi, çatdırılması və  onların qutularının nə dərəcədə qida təhlükəsizliyi standartlarına uyğun olmasıyla bağlı suallar açıq-aşkar görünürdü”. Elşad Məmmədovun sözlərinə görə, ən effektiv tənzimləmə mexanizmlərindən biri kimi rəqabət mühitinin inkişafına nail olunmalıdır. “Rəqabət mühiti olduğu halda sürücülər də yol nəqliyyat qaydalarına əməl etməyə çalışacaq və qida təhlükəsizliyi ilə bağlı problemlərin əksəriyyəti aradan qaldırılacaq. Eləcə də qiymət nöqteyi-nəzərdən də problemlər bir çox hallarda öz həllini tapmış olacaq”.

İqtisadçı ekspert problemin həlli üçün təklif də verir: “Bu məhdudlaşdırıcı tədbirlər daha çox şirkətin  bazarda öz təkliflərini göstərməsi ilə tamamlanmalıdır. Yalnız hansısa şirkətin cəzalandırılması və bazarlarda inhisarların formalaşması bazar iqtisadiyyatı şəraitində effektiv idarəetmə mexanizmi kimi qəbul oluna bilməz”.

"Wolt Azərbaycan"ın bağlanmasında ən çox ziyan görən kuryerlərdir. Kuryer kimi fəaliyyət göstərən Ülvi Məhəmmədov deyir ki, xəbəri eşidəndə bir kuryer kimi ona çox pis təsir edib. “Təhsil haqqını buradan aldığı əmək haqqı ilə ödəyən mən və mənimlə birgə minlərlə işçinin qazanc yerindən məhrum olması çox acınacaqlı vəziyyət yaradır. Şirkətin bağlanması pula ehtiyacı olan minlərlə gənclərin  işsiz qalması ilə nəticələnir. Belə bir halın baş verməsi isə təəssüf hissindən başqa heç nə vəd etmir”. Bununla belə Ülvi ruhdan düşmür. İnanır ki, aidiyyatı orqanlar bu qərarı obyektiv qiymətləndirəcək və problemin həlli istiqamətində müsbət tədbirlər həyata keçiriləcək.

ZİBEYDƏ ƏLİZADƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər