Ölkəmizdə yeni basketbol mövsümü ilə bağlı mərasim keçirilib
Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev ölkə çempionatında 2025-2026-cı illər mövsümünün açılışına həsr olunmuş tədbirdən sonra jurnalistlərə açıqlamasında basketbol üzrə milli komandalarımızın A divizionunda mübarizə aparması üçün çalışdıqlarını bildirib. Həmçinin vacib məqamlardan birinin qadın liqasının təşkili olduğunu vurğulayıb.
Mövzu haqqında basketbol üzrə mütəxəssis Sənan Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, basketbolumuzun inkişafı üçün ən əsas mərhələlərdən biri uşaqların bu idman növünə cəlb edilməsi və bu sahədə inkişaf etmələrinə kömək etməkdir:
" Ölkəmizdə basketbol üzrə yerli oyunçularımızın sayı çox azdır. Bu səbəbdən uşaq basketboluna daha çox önəm verilməlidir. Daha çox kişi idmançıların sayının artırılmasına çalışılsa da, qadın idmançıların da rolu mühümdür. Yerli basketbolçularda istənilən sayı əldə etdikdən sonra, qadın liqasının yaradılmasına daha çox diqqət yetiriləcək. Çünki gələcək liqalarda qadınlarımızın ölkəni təmsil etməkdə böyük rol oynayacağı hər birimizə məlumdur".
Mələk Nəsirli
