Onlar məni aldatmaq istəyirdi, ancaq…
Xəbər verdiyimiz kimi, Azərbaycanda 100-lərlə insanın minlərlə manat xərclədiyi "Pazfarm" şəbəkəsi vəsaitləri mənimsəyərək aradan çıxıb. Bu barədə texnobloger Fərid Pərdəşünas sosial media hesabında bildirib.
İnformator.az məsələnin canlı şahidlərindən olan, diksiya üzrə məşqçi, aparıcı Əkbər Mustafanın fikirlərini öyrənib. Aparıcının sözlərinə görə, o, bu fırıldaqçıları zərərə məruz qoyanlardandır.
“Texnobloqer Fərid Pərdəşünas bir neçə müddət öncə öz səhifəsində paylaşdı ki, bir qrup fırıldaqçılar maliyyə ayıraraq insanları şirnikləndirmə üsulu ilə öz oyunlarına salmağa çalışırlar. Yəni, onlar insanlara müəyyən məbləğdə pul təklif edirlər. Nəticədə vətəndaşlara müəyyən linklər göndərirlər və bu linkə daxil olaraq, videonu bəyənmələrini istəyirlər. Sonda isə ödəniş etmək barədə məlumat verirlər”.
Əkbər Mustafanın sözlərinə görə, insanlarda saxta inamı formalaşdırmaq üçün bu ödənişi edirlər.
“İnsanlar da bunlara inanır, həmin linklərə daxil olaraq pulu əldə edə bilirlər. Amma növbəti mərhələdə onlara bir təklif irəli sürülür ki, məsələn “siz bizə 20 manat ödəniş edin, biz sizə 36 manat məbləğ qismində qaytaracağıq, daha çoxunu qazanacaqsınız”. Buna inananlar da həmin pulu onlara göndərirlər. Bir neçə mərhələdən sonra təklif olunan məbləğ qaytarılır. Böyük məbləğlərə keçdikdə isə avtomatik onların balansındakı bütün pullar alınır və geri qaytarılmır. Dərhal həmin insanlar bloka atılır ki, fırıldaqçılar axtarılıb-tapıla bilməsinlər”.
Aparıcının sözlərinə görə, bu mesaj ona gələn zaman, o, məsələdən artıq xəbərdar idi.
“Onların təklifini qəbul elədim, link göndərdilər, linkə daxil oldum. Dedikləri kimi, ilkin məbləğ olaraq 6 manat mənə ödəniş etdilər. Burda heç bir bank kartından istifadə olunmurdu. "m10" deyilən proqram vasitəsi var. Həmin proqram vasitəsilə mənə ödəniş köçürdülər. Mən dərhal bu məbləği işlətmədiyim 2-ci kartıma yönləndirdim. Həmin kartımdan da əsas kartıma yönəltdim ki, maliyyə izini itirim. Növbəti mərhələdə isə mənə yenə təklif etdilər ki, bizə 20 manat göndərin”.
Əkbər Mustafa deyir ki, heç bir məbləği onlara realda göndərməyib.
“Düşündüm ki, onlar onsuzda dünya üzərindən minlərlə insanı bütün ölkələrdən aldadırlar. Onların daxil olan maliyyə məbləğləri yüksək olduğuna görə, bunları nəzarətdə saxlamaq kimi real imkanları yoxdur. Ona görə də fotoşop proqramında saxta bank qəbzi hazırladım ki, güya 20 manat ödəniş etdim. Onlara göndərdim, inandılar. Sorğu-sualsız hesabıma yenə pul göndərdilər. Mən getdikcə məbləğləri böyüdərək, 200 manata qədər çatdırdım”.
Aparıcı deyir ki, gün sonunda onlar anladılar ki, maliyyə hesabatında yanlışlıq var.
“Məlum oldu ki, mən pul göndərmirəm, amma onlar yüksək məbləğlə mənə pullar göndəriblər. Daha sonra mənə yazdılar ki, “siz bizi aldatdınız, sizinlə əməkdaşlıq etməyəcəyik”. Əslində, məlumatsız, sıravi vətəndaş gözündə onlar məni aldatmaq istəyirdi, ancaq onları mən aldatdım”.
Həcər Əmiraslanlı
