Onlayn alış-veriş: rahatlıq, yoxsa risk?
Son illər onlayn alış-veriş gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, bu sahədə narazılıqların sayı da artmaqdadır. Sosial şəbəkələr üzərindən fəaliyyət göstərən mağazalardan alınan məhsulların keyfiyyətsiz çıxması, sifarişlərin gecikdirilməsi, ödəniş edildiyi halda malların çatdırılmaması və geri qaytarma prosesində yaşanan problemlər vətəndaşların ən çox şikayət etdiyi məqamlardandır.
Mövzu ilə bağlı “İnformator.az” onlayn ticarət sahibinin, alıcının və iqtisadçının fikirlərini öyrənib.
Son vaxtlar onlayn alış-veriş zamanı bir neçə dəfə problemlə qarşılaşan Dəniz Kərimova bildirib ki, sosial şəbəkə üzərindən sifariş etdiyi məhsul ya gec çatdırılıb, ya da təqdim olunduğu kimi olmayıb:
“Bəzən ödənişi əvvəlcədən etdiyim halda sifarişim ümumiyyətlə göndərilməyib və satıcı ilə əlaqə saxlamaq mümkün olmayıb. Məhsulu geri qaytarmaq istəyəndə isə müxtəlif bəhanələrlə proses uzadılıb. Bu kimi hallarda hara müraciət edəcəyimizi çox vaxt bilmirik. İstərdim ki, onlayn ticarətə daha ciddi nəzarət olsun və alıcıların hüquqları daha effektiv qorunsun”.
Onlayn satışla məşğul olan Yeganə Şahbazova isə qeyd edib ki, bu sahədə fəaliyyət göstərən sahibkarlar da müəyyən çətinliklərlə üzləşirlər:
“Müştərilərin sifarişlərini vaxtında və keyfiyyətli şəkildə çatdırmaq üçün çalışırıq, lakin kargo və logistika problemləri gecikmələrə səbəb ola bilir. Bəzi hallarda müştərilər məhsulu sifariş edərkən ölçü və ya xüsusiyyətləri düzgün seçmirlər və bu da narazılıq yaradır. Buna baxmayaraq, etibarlı satış üçün geri qaytarma və dəyişmə qaydalarını tətbiq edirik. Hesab edirəm ki, həm satıcılar, həm də alıcılar daha məsuliyyətli və məlumatlı olsalar, bu sahədə problemlərin sayı xeyli azalar. Onlayn ticarətdə əsas məsələ qarşılıqlı etimadın formalaşdırılmasıdır”.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, xüsusilə pandemiyadan sonra onlayn ticarətə maraq əhəmiyyətli dərəcədə artıb:
“Bu artımda maliyyə texnologiyalarının inkişafı və rəqəmsal platformaların genişlənməsi mühüm rol oynayıb. Artıq insanlar evdən və ya iş yerindən çıxmadan dünyanın istənilən nöqtəsindən məhsul sifariş edə bilirlər. Bu isə istehlakçılara böyük rahatlıq təqdim edir. Onlar fiziki olaraq hansısa ünvana getmədən geniş çeşidi müqayisə etmək, qiymətləri analiz etmək və tələbatlarına uyğun məhsulu seçmək imkanı qazanırlar. Onlayn ticarətin əsas üstünlükləri komfort, geniş seçim imkanı, qiymət və məhsul müqayisəsi, həmçinin məhsul haqqında ətraflı məlumat əldə etməkdir. Lakin ənənəvi ticarətin də öz güclü tərəfləri var. Məsələn, məhsulu canlı şəkildə görmək və keyfiyyətini yerində yoxlamaq imkanı onlayn alış-verişdə hər zaman mümkün olmur. Bəzən məhsulun təqdim edildiyi kimi olmaması halları da müşahidə edilir. Burada əsas məsələ hər hansı bir ticarət kanalının digərini sıxışdırması deyil, hər iki kanal üçün bərabər imkanların yaradılmasıdır”.
Həmçinin iqtisadçı vurğulayıb ki, dövlətin məqsədi onlayn və ənənəvi ticarət arasında ədalətli rəqabət mühitinin formalaşdırmaqdır:
“Hazırda onlayn alış-verişdə vətəndaşların aylıq 300 dollar məbləğində vergi və rüsumdan azad şəkildə məhsul gətirmək imkanı qiymət fərqlərinin yaranmasına səbəb olur. Ənənəvi ticarətlə məşğul olan sahibkarlar isə məhsulu ölkəyə gətirərkən əlavə vergi və rüsumlar ödəyirlər ki, bu da rəqabət balansını pozur. Son dövrlər illik dövriyyəsi müəyyən məbləğdən artıq olan onlayn platformaların əlavə dəyər vergisinə cəlb olunması məsələsinin müzakirəsi də məhz bu disbalansın aradan qaldırılmasına yönəlib. Mənim mövqeyim ondan ibarətdir ki, hər iki ticarət kanalı üçün bərabər şərtlər təmin edilməlidir. Vergi və rüsumlar baxımından fərq varsa, bu balanslaşdırılmalıdır. Ya hər iki kanalda güzəştlər tətbiq olunmalı, ya da eyni qaydalar hamıya şamil edilməlidir. Çünki hər iki halda məhsul son istehlakçıya, yəni vətəndaşa çatır. Şərtlər bərabərləşdirildikdən sonra isə hansı kanalın üstün olacağını bazar və istehlakçı davranışı müəyyən edəcək”.
Cavahir Əsgərbəyli
