Onlayn magiya, yoxsa kompleks yaradan “gözəllik"?
Sosial şəbəkərlə çox qısa vaxt keçirdikdə belə qarşımıza yüzlərlə gözəl, qüsursuz sima çıxır. Təbii ki, burada qəribə heç nə yoxdur. Amma söhbət filtrlı simalardan gedirsə, qüsursuzluq anlayışı aradan qalxır. Heç düşünmüsünüz, bu filtrlar özünüzlə bağlı düşüncələrinizə necə təsir edir?
Psixoloq Sahibə Quliyeva deyir ki, filtrlar insanlarda təşviş pozğunluğuna səbəb olur, bağlılıq yaradır. Onlar artıq özünü olduğu kimi görmək istəmir. Bilirsiniz ki, artıq İnstaqram sosial şəbəkəsində bir çox məşhurların, bloggerlərin xüsusi filtrları yaranıb. Əsasən, həmin məşhur simalara oxşamaq istəyən şəxslər bu üsuldan istifadə edirlər. Amma bu şəkildə özümüzü gizlətmək özünə inamsızlıq kimi psixoloji problemlər yaradır.
Sosioloq Üzeyir Şəfiyev isə deyir ki, filtrlardan istifadə hər kəsin şəxsi seçimidir. Amma reallıq budur ki, müasir dövrdə bu vasitələr asılılıq yaradaraq cəmiyyət üçün təhlükə doğura bilir. Çünki insanlar başqa simaları özündə imitasiya etməyə çalışır.
Özümüzü başqalarıyla müqayisə etmək, onlara bəyəndirə bilmək məcburiyyəti zamanla bizi çox yorur. Həmin yorğunluq sosial şəbəkələrdə alacağımız nə bəyənmə sayına, nə də gözəl rəylərə dəyir. Odur ki, özünüz olmaqdan, sizi narahat etmədiyi müddətdə qüsurlarınızla barışıq olmaqdan çəkinməyin.
Nəzrin Malik
