00:00:00
Yazar
Admin User
16.05.2023 18:45 425 3 dəq oxuma
Sosial

"Orada ancaq gözdən, könüldən iraq maşınlar satılır" - avtomobil bazarından REPORTAJ

"Orada ancaq gözdən, könüldən iraq maşınlar satılır" - avtomobil bazarından REPORTAJ

Bazar günü təkcə istirahət günü deyil, "ayağını yerdən götürməyə" görə avtomobil almaq fikrinə düşənlər, avtomobilini satışa çıxaranlar və maşın alveri ilə məşğul olanlar üçün xüsusi gündür. Bu səbəbdəndir ki, hər həftənin bazar günü maşın bazarında gözəçarpan izdiham hiss olunur. Azərbaycana buraxılışı 10 ildən çox olan avtomobillərin gətirilməsi qadağası qüvvəyə minəndən sonra bu canlanma daha da artıb.

 

Üz tutduq Bakı Avtomobil satış mərkəzinə. Heç bazarın girişinə çatmamış diqqətimizi yoldan keçən minik avtomobillərinə əl eləyib, "satırsan, qardaş" deyənlər cəlb etdi.

 

Yaxınlaşıb, nə üçün bazarın içində deyil, yol kənarında alver etmələri ilə maraqlandıq.

 

 

 

"Burada alver daha rahatdır. Çünki bazara girib, vaxt itirmirsən. Tez-bazar işimizi burada görürük" - deyə özünü Emin kimi təqdim edən müsahibimiz bildirir.

 

Maşın alverçisi Emindən ona qalan xeyir barədə maraqlananda gülərək “beş-on manat” dedi.

 

Elə biz də bu cavabımızı alandan sonra daxil oluruq bazara. Uzaqdan qarışqalar kimi görünür avtomobil bazarındakı mənzərə. Daxildə isə vəziyyət tamam başqadır. Avtomobil sahibi olmaq istəyənlər cərgə ilə düzülmüş maşınlara yaxınlaşır, qiymətlərlə maraqlanır, eşitdikləri qiymət xoşlarına gəlməyəndə  klassik suallardan birini "ən aşağı yeri neçəyədir?" verir. Yəqin ki avtomobil satışı edənlərin xüsusi bir ustalıqla öz maşınını təriflədiklərindən xəbərdarsınız. Balasının canına and içən kim, hansısa rayonların birində olan tanınmış seyidlərin qəbirlərinə and verən kim...

 

Bu səs-küylü bazarda kənarda öz avtomobilinə söykənərək alıcısını gözləyən Samir adlı şəxslə həmsöhbət oluruq. Müsahibim bildirir ki, artıq üçüncü bazardır ki, bura gəlir, amma hələ də satış edə bilməyib:

 

 

"3 həftədir ki, gəlirəm, alıcılar yaxınlaşır, soruşur, çıxıb gedirlər. Mən də əslində tez satılmasını istəyirəm, amma bu avtomobilin üstündə çox zəhmətim var, ona görə də elə ucuz qiymətə satmaq fikrində də deyiləm".

 

Avtomobil almaq üçün maşın bazarına üz tutan Sadiq adlı müsahibimizin sözlərinə görə, sonuncu buraxılış ili 10 ildən çox avtomobillərə qoyulan qadağa qərarından sonra bazarda qiymətlər qalxıb:

 

 

"Mən keçən aylarda da bir neçə dəfə yolumu buradan salmışdım, onda qiymətlər tamam fərqli idi, indi bahalıq əməlli-başlı hiss olunur. Düşünürəm ki, maşın alverçiləri  bu qərardan sonra qiymətləri qaldırdılar".

 

Avtomobilində əyləşib satış edən Emin Hüseynovla söhbətləşirik, ondan nə üçün bazarın çölündə deyil, burada bazar daxilində maşınını satışa çıxardığı ilə maraqlanırıq:

 

"Orada ancaq gözdən, könüldən iraq maşınlar satılır, şükür, mənim maşınım "yağ içindədir". Orada qiyməti çox "öldürürlər", burada mən öz maşınımı ürəyim istəyən qiymətə satıram. Sərf etməz bazarın çölündən satış etmək mənə. Həm də oradakılar məndən ucuza alıb, başqalarına daha baha qiymətə satmaq fikrindədirlər, nəyimə gərəkdir?

 

 

Bayaqkı müsahiblərimizin niyyətlərinin saf olduqlarına inanmışdıq, deyəsən yanılmışıq. “Bura bazardır, hər cür oyun çıxar buradan” deyib, avtomobillərin arası ilə özümüzə söhbət etmək üçün müsahib axtarmağa davam edirik.

 

Boz rəngli avtomobilinə söykənərək dayanan vətəndaşa yaxınlaşırıq, alver necədir? deyə soruşanda "alver nə gəzir" deyib söhbətə başladı:

 

"Yorulmuşam daha. Satış yox, bir şey. Yaman dilxorçuluqdur. O qədər yol gəlirəm, rayondan gətirirəm maşınımı, alan da yoxdur.

 

Gileylənən maşın satan ağsaqqaldan qiyməti bəlkə baha dediyi üçün alverin olmadığını soruşduq:

 

"Qadanızı alım, mən bunu almışam 18 minə. Üstünə də 2 min manatdan çox xərc qoymuşam, niyə ucuza satım?" 

 

 

Hər bir müsahibimizə "bazar olsun" deyib, bir bazar sabahında avtomobillərin arası ilə dolaşa-dolaşa gəldiyimiz yol ilə geri qayıtdıq.

 

Nizam Məhərrəmov

Elmar Hüseynov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər