00:00:00
Yazar
Lalə Qafarova
06.07.2026 20:31 21 2 dəq oxuma
Dünya

Orta Dəhlizin yeni arteriyası: Paşinyan anlayır, bəs müxalifət niyə dirənir? - Deputat ŞƏRHİ

Orta Dəhlizin yeni arteriyası: Paşinyan anlayır, bəs müxalifət niyə dirənir? - Deputat ŞƏRHİ

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu regional nəqliyyat xəritəsini yeniləyəcək mühüm bəyanatla çıxış edib. Nazir bildirib ki, tikintisi sürətlə davam edən Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu layihəsi Türkiyə, Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrini yeni mərhələyə daşıyacaq. Son 24 ildə infrastruktura 355 milyard dollar investisiya qoyulduğunu vurğulayan Uraloğlu, ölkənin dəmir yolu şəbəkəsinin artıq 14 min kilometrə çatdırıldığını diqqətə çatdırıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a özəl müsahibəsində deputat Azər Allahverənov layihənin regiona təsirlərini şərh edib.

 

Deputat qeyd edib ki, bu layihə ilk növbədə Naxçıvanla Türkiyə arasında yükdaşımaların həm həcmini, həm də effektivliyini maksimuma çatdırmağa hesablanıb:

 

"Bu xətt bəzilərinin iddia etdiyi kimi Zəngəzur dəhlizinə alternativ deyil, əksinə, onun tərkib hissəsi və strateji tamamlayıcısıdır. Çünki coğrafi baxımdan tamamilə fərqli marşrutları əhatə edirlər. Gələcəkdə Zəngəzur dəhlizinin açılması və oradan keçəcək dəmir yolunun bu xəttə inteqrasiya olunması, beynəlxalq yüklərin Azərbaycan və Türkiyə üzərindən birbaşa Avropa bazarlarına çıxışını təmin edəcək. Layihənin potensialı olduqca yüksəkdir".

 

Ermənistanın bu qlobal nəqliyyat qovşağına qoşulma perspektivlərinə toxunan ekspert, rəsmi İrəvanın reallığı dərk etdiyini də bildirdi:

 

"Ermənistan rəhbərliyi çox gözəl bilir ki, blokadadan çıxmaq və dayanıqlı inkişafa nail olmaq üçün bu layihələrə qoşulmaq mütləqdir. Bakı və Ankara ilə kommunikasiyaları bərpa etmədən uğurlu gələcək qurmaq qeyri-mümkündür. Bu inteqrasiya Ermənistana uzunmüddətli siyasi və iqtisadi dividendlər vəd edir. Lakin Nikol Paşinyan bunu anlasa da, daxildə ciddi müqavimətlə üzləşir. Hazırda Ermənistan müxalifətini bu məsələdə şərti olaraq iki cəbhəyə bölmək olar: 

Samvel Karapetyanın bloku - Parlament seçkilərində ikinci yeri tutan bu qüvvə Rusiya ilə sıx biznes bağlarına malikdir və diqqəti daha çox Moskva ilə iqtisadi əlaqələrin dərinləşməsinə yönəldir. 

Robert Koçaryanın "Qarabağ klanı": Bu cinah isə iqtisadiyyatdan uzaq, sırf revanşist hisslərlə hərəkət edərək Azərbaycanla sülh prosesinə və kommunikasiyaların açılmasına birbaşa qarşı çıxır".

 

Azər Allahverənov Türkiyənin nəhəng infrastruktur yatırımlarının region üçün əhəmiyyətini bu arqumentlərlə əsaslandırdı:

 

"Ankara regional prosesləri uzaqgörənliklə qiymətləndirir. Hazırda dünyadakı münaqişələr fonunda Şimal və Cənub nəqliyyat dəhlizləri ciddi təhlidlərlə üz-üzədir. Belə bir şəraitdə reallaşan “Orta Dəhliz” həm daha dayanıqlı, həm də təhlükəsizdir. Azərbaycanın fəal iştirakçısı olduğu bu marşrut etibarlılığı ilə seçilir. Beynəlxalq yükdaşımaların həcminin ildən-ilə artacağını görən Türkiyə, məhz bu çevik investisiya addımları ilə gələcək logistik mərkəz rolunu qarantiyaya alır".

 

 

Lalə Qafarova

#Azərbaycan #Türkiyə #Ermənistan #Naxçıvan #OrtaDəhliz #Qars-İğdır-Aralıq-Dilucu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər