Orta məktəbdə keçilməyən tarix dərsləri qəbul proqramına salınır
"Ümumi tarix fənnindən çıxarılmalı mövzu çoxdur. Ancaq yeni çıxan kitablarda isə kifayət qədər qısaldılmalar mövcuddur. Məsələn, Fransa tarixi təzə çıxan kitablarda qısaldılıb. Öncədən isə Çin Yaponiya və Hindistanla bağlı mövzular ayrı-ayrı verilirdi, amma indi birləşdirilib".
Bu sözləri İnformator.az-a açıqlamasında Tarix müəllimi Firəngiz Xəlilova bildirib. Müəllimin sözlərinə görə, qəbul proqramı ilə orta məktəb dərsliyi arasında uyğunluq yoxdur.
“Orta məktəbdə keçilməyən dərslər qəbul proqramına salınır. Düşünürəm ki, dərsliklərdə "Türk tarixi"nə daha çox yer verilsə, yaxşı olar. Amerika prezidentlərinin hərəsinin fəaliyyət dövrünü ayrıca öyrənməkdənsə, türk hökmdarlarının hakimiyyəti, Mərkəzi Asiya xalqları, Şimali Qafqazda yaşayan türk xalqlarının mədəniyyəti, həyatı öyrənilsə,daha yaxşı olar”.
Firəngiz Xəlilova düşünür ki, gələcəkdə bu məsələlərə nəzarət yetiriləcək.
“Azərbaycan tarixindən isə yer alan mövzular yaxşıdır. Ancaq yenə də orta məktəb dərsliklərində yanlış olan, çatışmayan bəzi mövzular qeydə alınır. Məsələn, bir hadisə barəsində bir cümlə verilir, ancaq hadisənin detalları verilmir. Yeni çıxan kitablarda belə nüanslar çoxdur".
Saytımıza açıqlama verən 10-cu sinif şagirdi Məryəm Quluzadə isə düşünür ki, Azərbaycan tarixindən Sasanilər mövzusu uzun və qarışıqdır.
"Şagirdlərə lazım olmayacaq məlumatlar çoxdur. Amerika barəsində mövzunun da uzun olduğunu düşünürəm. Hesab edirəm ki, tarix dərsi sadəcə əzbər deyil, başa düşməkdir. Buna görə də mövzular daha asan dildə qısa verilsə,daha yaxşı olar", - deyə abituriyent əlavə edib.
Nəzrin Mirzəyeva
