Orta məktəblərdə din tədris olunmalıdırmı?
“Türkiyədə orta məktəb şagirdlərinə “din kültürü və əxlaq” mövzusunda dərs keçilir. Bu mövzuda əsasən, dini ayinlərdən çox, dinlərin tarixi, onların mənəviyyatdakı rolu, şəhidlik zirvəsi və.s məsələlərə dair məlumatlar aşılanır. Burada məqsəd şagirdlərə, təkcə bir dini təbliğ etmək deyil”.
Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov söyləyib. Ekspertin sözlərinə görə, bu fənnin tədris prosesində məktəblilərə multikultural dəyərlər, əxlaq qaydaları haqqında faydalı bilgilər aşılanır.
“Düşünürəm ki, bu fənnin Azərbaycandakı orta məktəblər üçün də tədrisi faydalı ola bilər. Lakin, bununla əlaqədar xüsusi mütəxəssislər yetişməlidir ki, bunu da uşaqlarımıza öyrədə bilsinlər. Bəzən bu mövzu müzakirələrə səbəb ola bilir. Məsələn, hansısa bir din, yaxud, məzhəb təmsilçisi olan şəxslər problem ortaya qoya bilərlər ki, bu fənni kim keçəcək?”
Ekspert deyir ki, Azərbaycanda orta məktəb təhsili dünyəvi istiqamətdədir.
“Burada məktəblilərə dini, yaxud fundamental dəyərlərin aşılanmasına icazə verilmir. Çünki bəzən təbliğ olunan dinlər, mənfi cərəyənlar vasitəsilə şagirdlər yanlış istiqamətə yönələ bilər. Lakin dəyərlər baxımdan bu fənnin tədrisi faydalı olacaq”.
Elçin Süleymanov düşünür ki, şagirdlərin ümumi dinlər, onların tarixi, əsas fikirləri haqqında məlumatlı olması olduqca faydalıdır.
“Türkiyə təcrübəsindən faydalanaraq, Azərbaycanda da bu tip yaxşı və müstəqil yönümlü dərslik fəaliyyət göstərə bilər. Nəzərə almaq lazımdır ki, bu fənni keçəcək şəxs də özünəməxsus dünyagörüş və əxlaqına görə seçilməyi bacarmalıdır. Bacarmalıdır ki, şagirdlərə mənfi örnək olmasın”.
E.Süleymanovun sözlərinə görə, mənəviyyatın öyrənilməsi, milli-mənəvi duyğuların uşaqlarımıza aşılanması, mental dəyərlərin şagirdlər tərəfindən mənimsənilməsi, bütün bunlar şəxsiyyətin formalaşmasında bilavasitə rol oynayır.
“Biz 44 günlük müharibədə gənclərimizin vətənpərvərliyinin şahidi olduq. Bu hissin aşılanmasında, əsasən məktəbdə təbliğ edilən dəyərlərində təsiri olub. Məktəblilərimizə dinlər, onların tarixi, multikultural dəyərlər, Azərbaycanın çoxmillətli ölkə olması, tolerant qarşılıqlı hörmət və s. kimi mövzularda faydalı bilgilərın aşılanması məqsədəuyğundur”.
Həcər Əmiraslanlı
