Orta məktəblərdə rus dili bölməsi kəskin şəkildə azaldılmalıdır
“Rus bölməsində təhsil alan şagirdlərin Azərbaycan dili biliklərinin kifayət qədər olmaması fikri tamamilə düzgündür. Düzdür xarici dil bilmək, o cümlədən rus dilini bilmək lazımdır, amma bu o demək deyil ki, orta məktəblərdə kütləvi şəkildə tədris rus dilində olan siniflər yaradılsın”.
Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı deyib. Ekspert qeyd edir ki, rus dilinə üstünlük verən valideyinlər rus dilinin uşaqlarına üstün dil kimi tədris olunmasını tələb etməli, ingilis dili və ya digər dillər ikinci xarici dil kimi tədris olunmalıdır.
“Birmənalı şəkildə rus dilində tədris alan şagirdlərə Azərbaycan dilini sevdirmək mümkün görünmür. Digər önəmli məsələ isə rus dilində təhsil alan şagirdlərin vətənpərvərlik tərbiyəsi məsələsidir. Rus bölməsində təhsil alan şagirdlərə vətənpərvərliyi aşılamaq çox çətindir. Paytaxtın bir sıra məktəblərində rus dili bölməsinə müəyyən maraq olsa da paytaxtdan kənar qəsəbələrdə və rayonlarda rus bölməsində təhsil alan şagirdlərin sayı adətən normal təşkil olunan sinif komplektasiyasından daha az olur. Bir çox hallarda rus bölməsi siniflərinin bağlanmaması üçün "müxtəlif yollarla" həmin siniflərə şagirdlər cəlb edilirlər”.
Müsahib sonda əlavə edib ki, orta məktəblərdə rus dili bölməsi kəskin şəkildə azaldılmalıdır.
Həcər Əmiraslanlı
