Ötən ay metro eskalatorlarında 198 dayanma halı qeydə alınıb
Avqust ayında Bakı metrosunun eskalatorlarında 198 dayanma halı qeydə alınıb.
Məlumata görə, hadisələrin 84-ü sərnişin müdaxiləsi, 80-i sərnişinin yıxılması, 34-ü isə digər səbəblərlə bağlı olub.
Bakı Metropolitenindən bildirilib ki, əvvəlki illə müqayisədə eskalatorların dayanması hallarının sayında ciddi azalma müşahidə olunur. Buna səbəb kimi eskalatorlardakı “Stop” düymələrinin xüsusi örtüklə qorunması göstərilir. Belə ki, ötən ilin avqustunda “Stop” düyməsindən istifadə ilə bağlı 77 hadisə qeydə alındığı halda, bu ilin eyni ayında həmin göstərici 11 olub.
Metropolitendən sərnişinlərə eskalatorlardan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etmək, sağ tərəfdə dayanmaq, uşaqları nəzarətdə saxlamaq, eskalatorun kənarlarına toxunmamaq və “Stop” düyməsindən yalnız zəruri hallarda istifadə etmək tövsiyə olunur.
Elmira Ağayeva, Vahab İmanzadə, Aztv Xəbər