Övladlığagötürmə: Hüquqi tələblər və əngəllər
Dünyanın hər yerində övladlığa götürmə prosesi həm hüquqi, həm də bürokratik baxımdan ən çətin prosedurlardan biri hesab olunur. Övlad sahibi olmaq istəyən şəxslər müraciət zamanı qanunvericiliyin tələb etdiyi bir çox sərt qaydalar və şərtlərlə qarşılaşırlar. Bu qaydaları öncədən bilmək həm vaxt itkisinin qarşısını alır, həm də namizədləri yarana biləcək hüquqi risklərdən qoruyur. Mövzu ilə bağlı mütəxəssis rəyi və atılmalı olan addımların izahı prosesin qaranlıq məqamlarına işıq salır.
Mövzu ilə bağlı hüquqşünas Əlövsət Allahverdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, subay şəxslərin uşağı övladlığa götürməsi ilə bağlı hər hansı qadağa yoxdur:
"Ümumilikdə 18 yaşdan yuxarı, tam fəaliyyət qabiliyyətli şəxslər övladlığa uşaq götürə bilər. Lakin bir qrup şəxslər var ki, onların övladlığa uşaq götürməsi qəbul edilmir və ya müəyyən məhdudiyyətlər var.
Bu qrup şəxslərə aiddir:
1. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdudlaşdırılmış şəxslər
2. Valideynlik hüquqlarından məhrum edilmiş və ya məhdudlaşdırılmış şəxslər
3. Qəyyumluq/himayəçilik vəzifəsindən kənarlaşdırılmış şəxslər
4. Əvvəllər məhkəmə qərarı ilə övladlığa götürmə hüququ ləğv edilənlər
5. Sağlamlıq səbəbilə valideyn vəzifələrini icra edə bilməyən şəxslər
Əlavə hüquqi qaydalara gəldikdə isə uşaq yetkinlik yaşına çatmamalıdır və adətən uşaqla övladlığa götürən arasında minimum 18 yaş fərqi tələb olunur. Qanunvericiliyin tələbi olaraq, övladlığa götürmək istəyən şəxsin ailəsində adambaşına düşən orta aylıq gəlir hesablanır. Hesablama zamanı ailədə olan bütün üzvlər və övladlığa götürüləcək uşaq da nəzərə alınır. Əgər hər nəfərə düşən gəlir ölkə üzrə müəyyən edilmiş yaşayış minimumundan azdırsa, həmin şəxs uşağı övladlığa götürə bilməz. Bu tələbə yalnız ögey valideynlər və yaxın qohumlar (bacı-qardaş, nənə-baba, xala, bibi, əmi, dayı və onların övladları) istisna təşkil edir. Xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün isə gəlir meyarı yaşadıqları ölkə üzrə orta aylıq əməkhaqqının iki mislindən az olmamalıdır.
Yəni əsas məqsəd uşağı övladlığa götürən şəxsin maddi imkanlarının uşağın normal təminatını qarşılaya bilib-bilmədiyini müəyyən etməkdir. Bu tələb Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Ailə Məcəlləsinin 120-ci maddəsində övladlığa götürmək hüququ olan şəxslərin dairəsi müəyyən olunmuşdur. Burada subay şəxslərin uşağı övladlığa götürməsi ilə bağlı hər hansı qadağa yoxdur. Amma bu, müəyyən şərtlər daxilində mümkündür:
1. Tam fəaliyyət qabiliyyəti olmalıdır
2. Müəyyən yaş tələbi var (adətən uşaqlardan xeyli böyük olmalıdır)
3. Stabil gəlir və yaşayış şəraiti olmalıdır
4. Sağlamlıq və psixoloji uyğunluq yoxlanılır
5. Keçmişdə cinayət törtəmiş olmammalıdır (xüsusilə ağır cinayətlər üzrə)
Uşağın övladlığa verilməsində yeganə meyar uşağın ən üstün mənafeyidir. Bu prinsipə uyğun olaraq bəzi şəxslər var ki, onlara uşaq övladlığa verilmir və ya qəti şəkildə imtina edilir. Məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərə uşaq verilmir. Ona görə ki, onlar uşaq üçün hüquqi və sosial məsuliyyəti daşıya bilmirlər. Həmçinin valideynlik hüququndan məhrum edilmiş, qəyyumluq və himayədən kənarlaşdırılan, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər övladlığa uşaq götürə bilməzlər. Bununla yanaşı, sağlamlıq səbəb ilə valideynlik qabiliyyəti olmayan şəxslərə də övladlığa uşaq verilmir. Bu prosesdə uşağın mənafeyinə uyğun sosial mühitin olmasıda mütləq şəkildə nəzərə alınır".
Samirə Allahverdizadə