Oyunlar təhlükə saçır-“Uşaq oyunda qarşı tərəfi öldürə bilirsə,buna real həyatda da meyil edə bilər”-PSİXOLOQDAN AÇIQLAMA
Elektron oyunlarda şiddət və aqressiya elementlərinin çoxalması yeniyetmələrin psixoloji vəziyyətinə və həmyaşıdları ilə münasibətlərinə təsiri ilə bağlı narahatlıqları artırır. Mütəxəssislər aqressiv məzmunlu oyunların uşaqların davranışlarına necə təsir göstərə biləcəyini araşdırırlar.
Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova “İnformator.az”a açıqlamasında bildirib ki, yaş psixologiyasına görə uşaqların, yeniyetmələrin aqressiv məzmunlu oyunlardan istifadə etməsi onların psixologiyasına mənfi təsir göstərir:
“Bəzən valideynlər deyirlər ki, mənim övladım bu oyunlardan istifadə edir, amma aqressiv deyil. Bu,əlbəttə ki, fərdi xüsusiyyətdir, yəni hər kəsdə belə olacaq deyə bir qanun yoxdur. Təəssüf ki, bu cür oyunlar uşaqların davranışlarında aqressiyanın artmasına, yuxu rejiminə və ətrafdakılarla münasibətlərinə mənfi təsir göstərir. Bu oyunların psixologiyasını hər bir valideyn araşdırmalıdır və psixoloqla bu məsələni yenidən məsləhətləşməlidir.
Şiddət elementləri bütün yaş qruplarında, xüsusilə də həmyaşıdlar arasında yaranan problemlərdə aktual məsələlərdən biridir. Çünki elektron oyunlarda hər hansı şiddət elementindən istifadə olunur və uşaq oyunda qarşı tərəfi istədiyi kimi öldürə bilirsə, bəzən bunu real həyatda da həyata keçirməyə meyil göstərə bilər. Uşaqlarda qavrama problemləri olduqda isə onlar baş verənləri sadəcə oyun kimi qəbul edir və həmin davranışları real həyatda tətbiq etməyə çalışırlar. Bu da gələcəkdə onların davranışlarında daha ciddi problemlərin yaranmasına səbəb ola bilər.
Ümumiyyətlə, valideynlər çalışmalıdırlar ki, uşaqların telefon istifadəsinə nəzarət etsinlər. İlk növbədə, uşaqların bu cür oyunlara maraq göstərməsinin qarşısını almalıdırlar. Əgər uşaq artıq həmin oyunları oynamağa başlayıbsa, müəyyən qadağalar, izahlar və psixoloji dəstək vasitəsilə onun bu oyunlardan uzaqlaşmasına kömək etməlidirlər”.
Aynur Əhmədli