Özbəkistan nümayəndələri Teleradio Akademiyasında
Teleradio Akademiyasında “İncəsənət və mədəniyyət sahəsində media savadlılığı” mövzusunda görüş keçirildi
Görüşdə Özbəkistan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantı İroda Berdiyeva və Daşkənd Tekstil və Yüngül Sənaye İnstitutunin doktorantı, dizayner Dilobar Zufarov çıxış edərək media savadlılığının müasir incəsənət və mədəniyyət mühitində artan rolundan danışdılar.
Qonaqlar rəqəmsal dövrdə incəsənət nümunələrinin düzgün təqdimatı, məlumatın etibarlılığı və mədəniyyətin media məkanında doğru interpretasiyasının vacibliyini vurğuladılar.
Bildirildi ki, mövcud təşkilati strukturlar və beynəlxalq əməkdaşlıq platformaları gənclərin yaradıcılıq və peşə inkişafı üçün yeni imkanlar yaradır. Həmçinin gənclərin media, biznes və mədəniyyət sahələrində fəallığının artırılmasının inkişafın əsas şərtlərindən biri olduğu vurğulandı.
Həmçinin media savadlılığının inkişafı ilə yanaşı, ortaq mədəni dəyərlərin qorunması və müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın gücləndirilməsinin vacibliyindən də danışıldı.
Özbəkistan nümayəndələri ölkələrində fəaliyyət göstərən jurnalistika, media və kommunikasiya yönümlü təhsil müəssisələri, eləcə də xoreoqrafiya akademiyası və mədəniyyət institutları barədə məlumat verdilər.
Sonda tələbələrin fəal iştirakı ilə mövzu ətrafında fikir mübadiləsi aparıldı,belə görüşlərin davamlı keçirilməsinin gələcək əməkdaşlıq imkanları üçün önəmi qeyd edildi.
Həcər Əmirslanlı