Özbəkistan və Hindistan 2030-cu ilədək ticarət dövriyyəsini 5 mlrd dollara çatdırmağı planlaşdırır
Özbəkistan və Hindistan ikitərəfli münasibətlərini hərtərəfli strateji tərəfdaşlığa, xüsusən qarşılıqlı ticarəti 2030-cu ilə qədər 5 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki,Hindistan şirkətlərinin Özbəkistana investisiyalarının artması ölkə iqtisadiyyatı üçün bir neçə istiqamətdə ciddi üstünlük yarada bilər:
“İlk növbədə, yeni investisiyalar istehsal müəssisələrinin, logistika mərkəzlərinin, texnologiya və xidmət sahələrinin inkişafını sürətləndirə, yeni iş yerlərinin açılmasına və vergi gəlirlərinin artmasına şərait yarada bilər. Hindistanın əczaçılıq, informasiya texnologiyaları, tekstil, avtomobil sənayesi, kənd təsərrüfatı və qida emalı sahələrində böyük təcrübəsi Özbəkistanın həmin sektorlarının modernləşdirilməsinə kömək edə bilər. Digər mühüm üstünlük texnologiya və idarəetmə təcrübəsinin Özbəkistana gətirilməsidir. Hindistan şirkətlərinin iştirakı yerli müəssisələrin məhsuldarlığının yüksəlməsinə, rəqabət qabiliyyətinin artmasına və daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına imkan verə bilər. Bununla yanaşı, Hindistan kapitalının artması Özbəkistanın xarici investisiya mənbələrini şaxələndirərək ölkənin yalnız müəyyən tərəfdaşlardan asılılığını azaltmasına da xidmət edə bilər. Ticarətin 2030-cu ilə qədər 5 milyard dollara çatdırılması hədəfi isə investisiyalarla yanaşı, Özbəkistanın ixrac imkanlarını da genişləndirə bilər. Özbəkistan Hindistan bazarına tekstil, kənd təsərrüfatı məhsulları, kimya sənayesi və digər məhsulların ixracını artıra, Hindistandan isə texnologiya, dərman preparatları, maşın və avadanlıq idxal edə bilər. Bu proses iki ölkə arasında daha dayanıqlı istehsal və təchizat zəncirlərinin yaranmasına gətirib çıxara bilər”.
Akif Nəsirli həmçinin bunu da qeyd edib ki, Özbəkistan-Hindistan tərəfdaşlığının Mərkəzi və Cənubi Asiya arasında yeni ticarət bağlantılarının formalaşmasına təsir göstərməsi də real ehtimaldır:
“Özbəkistan Mərkəzi Asiyanın mərkəzində yerləşdiyinə görə Hindistan üçün region bazarlarına çıxış platformasına çevrilə bilər. Hindistan isə Özbəkistan üçün Cənubi Asiyanın böyük istehlak bazarlarına çıxış imkanlarını genişləndirə bilər. Burada əsas məsələ nəqliyyat və logistika marşrutlarının inkişaf etdirilməsidir. Mərkəzi Asiya ölkələrindən Hindistana çıxış üçün Pakistan, İran və Əfqanıstan istiqamətləri ilə yanaşı, multimodal dəhlizlərin inkişafı xüsusi əhəmiyyət daşıyır. Özbəkistan-Hindistan iqtisadi əlaqələrinin genişlənməsi bu marşrutlara investisiyaların artmasına, gömrük və logistika prosedurlarının sadələşdirilməsinə stimul verə bilər. Belə bir model Azərbaycanın da maraqları baxımından əhəmiyyətlidir. Mərkəzi və Cənubi Asiya arasında ticarət genişləndikcə yüklərin müxtəlif marşrutlarla daşınmasına ehtiyac artacaq. Bu isə Azərbaycanın Orta Dəhliz, Xəzər üzərindən daşımalar və Şərq-Qərb logistika xəttində tranzit imkanlarını genişləndirə bilər. Hindistanın Mərkəzi Asiyaya, Özbəkistanın isə dünya bazarlarına çıxışında alternativ marşrutların artması Azərbaycanın yerləşdiyi coğrafiyanın strateji əhəmiyyətini də yüksəldə bilər”.
Güllər Gülhüseynova