Pakistanda məktəb damının uçması nəticəsində şagirdlər və müəllim həlak olub
Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində Dir Koloniyasında yerləşən özəl "əl-Xeyr" məktəbinin damı uçub. Uçuntu aşağı mərtəbələrin də tavanlarının çökməsinə səbəb olub. Xəstəxana rəsmilərinin məlumatına görə, hadisə nəticəsində 33 şagird və 1 müəllim həlak olub. Onlarla insan yaralanıb, bəzilərinin vəziyyəti ağırdır.Bina müvəqqəti əsaslarla tikilib və üç mərtəbəni əhatə edib.
Polis rəisi strukturun "keyfiyyətsiz" dam örtüklərinə malik olduğunu, həddindən artıq yükləndiyini və daşıma qabiliyyəti həddini aşdığını bildirib.
Məktəbin dar küçədə yerləşməsi xilasetmə işlərini və yaralıların xəstəxanaya çatdırılmasını çətinləşdirib. Hadisə "kobud səhlənkarlıq" kimi qiymətləndirilib və məktəbin sahibi həbs edilib.
Xeybər-Paxtunxva qubernatoru Feysəl Kərim Kündi əyalətdəki bütün məktəblərdə təhlükəsizlik auditi keçirilməsini və lazımi tədbirlərin görülməsini əmr edib."Biz uşaqlarımızın təhlükəsizliyinin güzəştə gedilməsinə icazə verə bilmərik",-deyib.
Dörd ay əvvəl Lahur yaxınlığındakı özəl repetitorluq mərkəzinin damı uçması nəticəsində 14 uşaq həlak olmuşdu. Avqust ayında isə paytaxt İslamabaddakı xəstəxananın yenidoğulmuşlar şöbəsini bürüyən yanğın nəticəsində 14 yenidoğulmuş körpə həlak olmuşdu. Aparılan araşdırma nəticəsində məlum olmuşdu ki, həmin bölmədə yanğın siqnalizasiyası və su çiləyənləri yoxdur.
Mənbə: BBC
Səkinə Musayeva