Panik atakdan necə xilas olmalı?
"Panik atak psixoloji bir problemdir və psixologiyada 15 dəqiqəlik ölüm kimi adlandırılır”.
Bu sözləri İnformator.az-a açıqlamasında psixoloq Vəfa Rəşidova Demir söyləyib. Psixoloqun sözlərinə görə, panik atak müalicəsi olan bir problemdir.
"Panik ataq, həyəcan təşvişi pozuntusu kimi də qiymətləndirilə bilər. Bunun yaranması isə müxtəlif səbəblərdən meydana gəlir. Basdırılan duyğular, qorxu, stress, həyəcan, gərginlik kimi hallar panik atak səbəblərindəndir. Bu hallar baş verir, yaşanılır, sonradan isə panik ataka çevrilir".
Psixoloq qeyd edir ki, panik atak insanın yaşam keyfiyyətini çox aşağı salır.
“İnsanın öncədən öz daxilində basdırdığı stress, həyəcan, heç kimlə bölüşə bilmədiyi hadisələr yığılıb bir vulkana çevrilir. Nəticədə isə bu vəziyyət panik atak kimi ortaya çıxır. Panik atak insanın yaşam keyfiyyətini çox aşağı salır. O, an hər şey baş verə bilər. Panik atak o deməkdir ki, insanın stressə davamiyyəti zəifdir, insanın yaşadığı hər hansı stresin qarşısında immuniteti zəifləyib, buna qarşı dözümü azalıb".
Vəfa Rəşidova deyir ki, panik atak müalicəsi olan bir problemdir.
"Bəzən bəzi psixoloqlar deyirlər ki, bu problemi 1 və ya 5 seansla aradan qaldırmaq mümkünkdür. Bu sözlərə inanmaq lazım deyil. Panik atak 1 yaxud 5 seansla aradan qaldırıla biləcək bir problem deyil. Panik atak minimum 15, maksimum 20 seansla aradan qaldırıla biləcək problemdir".
Psixoloq qeyd edir ki, bu düşüncə ilə bağlı olan bir problem olduğuna görə yalnız koqnitiv terapiya və psixoloq dəstəyi ilə aradan qaldırmaq mümkün olur.
“Bəzən deyirlər ki, ancaq dərman müalicəsi lazımdır. Əslində, tək dərman müalicəsi etmək düzgün sayılmır. Müalicə paralel şəkildə aparılmalıdır ki, yaxşı nəticə əldə edilsin”.
Müsahib sonda deyir ki, bəzi insanlar düşünür ki, məndə panik atak var və bu heç vaxt düzəlməyəcək.
“Amma ümidsizliyə qapılmaq lazım deyil çünki bu problemi yaxşı bir terapi ilə aradan qaldırmaq olar".
Aydan İsayeva
