Parklanma ilə bağlı yeni qaydalar tətbiq olunacaq?
“Bu gündən sonra və gələcəkdə sosial iaşə, yaxud yaşayış binaları inşa olunan zaman mütləq daxili auditoriyasına hesablanan parkinqlər nəzərdə tutulmalıdır".
Bu sözləri informator.az-a açıqlamasında Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov söyləyib. Ekspertin sözlərinə görə, parkinqlərin ödənişli olması və ya şəhərin müxtəlif yerlərində ödənişli parkların sayının artması özündə kifayət qədər çox nüanslara aydınlıq gətirir.
“Bu nüanslar onlardır ki, Bakı şəhərinin baş planına nəzər salsaq görərik ki, bir neçə dəfə təsdiqlənən baş plan olub. Ən böyük planlar isə Sovetlər İttifaqı vaxtına düşüb. Bu zaman inşa olunan binalarda demək olar ki, daxili parkinqlər nəzərdə tutulmayıb. Orada yaşayan insanlar isə avtomobillərini həyətyanı sahələrdə, parklarda saxlayıblar. Artıq müstəqillik dövründə Azərbaycan inkişaf etməyə başladı, kütləvi avtomobilləşmə getdi”.
Aslan Əsədovun sözlərinə görə, ilk növbədə ortaya maraqlı və çətin sual çıxdı ki, biz avtomobili harada saxlayaq.
“Bu həddindən artıq aktual və həllini gözləyən məsələlərdən biridir. Mümkün qədər şəhərin inkişaf planı təsdiqlənib, şəhər oturuşmuş modeldədir. Bu gündən sonra və ya gələcəkdə sosial iaşə və yaşayış mənzillər inşa olunan zaman mütləq daxili auditoriyasına hesablanan parkinqlər nəzərdə tutulmalıdır. Yəni, Arxitektura komitəsi Mənzil Tikinti kooperativlərinə (MTK) mütləq mənzillərdə say etibarilə daxili parklanma yerlərinin ayrılmasını başlıca şərt olaraq bildirməlidir”.
Ekspert söyləyir ki, bu parklanma sistemi -1 də də, 0-da da ola bilər. Yəni, fərqi yoxdur, yetərki binalarda parkinq sistemi tətbiq edilsin.
"Xarici ölkələrdə də ödənişlər tətbiq olunur. Bunlar əsasən, valyuta ehtiyatları üçün olur. Xaricdə qiymətlər bizim qiymətlərdən də bahadır. Xarici ölkələrdə parklanma müddəti saatlıq, günlük, aylıq olaraq müəyyən edilir".
Ekspert deyir ki, yer olmadığı üçün gələcəkdə ödənişli parklama artacaq.
"Gələcəkdə ödənişli parklar artacaq çünki yer yoxdur. Tətbiq olunan yerlər isə icarə və yaxud müvafiq icra hakimiyyəti orqanlarının ayrıldığı yerlərdir bu da öz növbəsində, icarə müqaviləsi ilə nəzərdə tutulur. İcarə müqaviləsi olduqda isə burada kooperativ maraqlar önə çıxır. Ona görə də ödənişli parkinqlərin sayının artacağını düşünürəm”.
A.Əsədov sonda qeyd edir ki, dövlət bu sahəyə də yetərincə dəstək ola bilər.
“Dəstək dedikdə daha çoxmərtəbəli park sistemlərinin yaradılması ilə tam şəkildə olmasa da, problemlərin aradan qalxmasına müəyyən qədər təsir edə bilər".
Aydan İsayeva
