Parklanma qiymətləri AÇIQLANDI
Bakıda, eləcə də Sumqayıt və Gəncədə parklanma tarifləri qüvvəyə minib. Ödənişli parklanma ilə bağlı qanunda dəyişiklik 2015-ci ildə edilib. Amma o vaxtdan bəri qiymətlər bəlli deyildi. Artıq tariflər müəyyən edildi. Sürücülər parklanma ərazisinə daxil olarkən müəyyən olunmuş tarifləri mobil tətbiq vasitəsi ilə nağdsız formada ödəniş edə biləcəklər. Ödəniş mobil tətbiq və sms üzərindən həyata keçiriləcək.
AYNA-nın nümayəndəsi Tərlan Səfərovun sözlərinə görə, bütün parklama məntəqələrində xüsusi yol nişanları, parklanma üsulu və pullu xidmət nişanları quraşdırılacaq. Eyni zamanda əlavə məlumat lövhəsi quraşdırılacaq ki, o məlumat lövhəsində parklama məntəqəsinin adı, parklanma zonasının hansı zona olduğu, hansı nömrəyə sms göndərmək lazımdı, qiymət nə qədərdir bu məlumatlar öz əksini tapacaq. “Qeyd etmək istəyirəm ki, mərkəz və 1-ci zona üzrə artıq parklanma yerlərinin təşkili və digər infrastruktur işlərinə başlanılıb. Ərazidə nəzarətçilərimiz olacaq. Həm ödənişlərin edilməsinə, həm də digər qayda pozuntularına nəzarəti həyata keçirəcəklər”.
Bakıda parklanmanın bir saatı üçün qiymətlər belədi: mərkəzdə 1 manat, birinci dərəcəli ərazilərdə 70 qəpik, ikinci dərəcəli yerlərdə 40, üçüncü dərəcəli yerlərdə 30 qəpik. Dördüncü zonalarda isə parklanma üçün ödəniş nəzərdə tutulmayıb.
Mütəxəssislər ödənişli parklanmaların şəhərdəki avtomobil sıxlığının qarşısını alacağını güman edirlər. Amma bir şərtlər ki, ictimai nəqliyyat sistemi düzgün qurulmalıdı.
Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, mərkəz zonada ödəniş 1 saata 1 manatdır. Orda kim işləyirsə, gün ərzində 8-9 saat dayanacaqsa, onun üçün çox çətin olacaq. “Yollar axtaracaqlar ki ora avtomobilsiz gəlsinlər. İctimai nəqliyyatla gəlsinlər, metroyla, avtobusla, nə varsa, onla. Bu da o vaxt mükəmməl olacaq ki, həmin metro, həmin ictimai nəqliyyat olsun. Nəqliyyat infrastrukturuna məsul qurumlar bunun da alternativini versinlər ki, buyurun, çox pul xərcləməmək üçün belə bir alternativimiz var. Metroyla, avtobusla gəlin. Bax bu olsa, sistem işləyəcək”.
Axşam saat 11-dən səhər saat 7-dək, eləcə də həftənin bazar günləri parklanmaq üçün ödəniş tələb olunmayacaq. Parklanma yerindən 100 m məsafədə yerləşən binaların sakinləri üçün də bu xidmət pulsuzdur. Onlar sadəcə aidiyyatı üzrə müraciət edib, parklanma talonları əldə etməlidirlər. Yeni qaydaların tətbiqinə yaxın günlərdə başlanılacaq. O vaxta qədər isə parklanma ödənişsizdir.
Aidə
