Parklanma üçün vaxt itkisinə son qoyulur
Avqustun 7-dən sürücülər “Azparking” mobil tətbiqi vasitəsilə əvvəlcədən gedəcəyi ünvandakı parklanma yerlərinin vəziyyəti ilə bağlı məlumat əldə edə biləcəklər.
İnformator.az xəbər verir ki, yeni qaydalar yalnız dövlətə məxsus parkinqlərdə qüvvədə olacaq. Artıq sürücülər boş parklanma yeri axtarmaqla vaxt itirməyəcək. Tətbiqdə boş, qismən və ya tam dolmuş, xidmətin müvəqqəti dayandırıldığı yerlər müxtəlif rənglərlə işarələnəcək. Parklanma yerlərini əvvəlcədən rezerv etmək imkanı isə nəzərdə tutulmayıb. AYNA-nın İdarə Heyyətinin sədri Anar Rzayevin sözlərinə görə, öncədən məlumatlandırma üsullarını daha da genişləndirmək üzərində iş gedir. “Deyək ki, axşam kimsə şəhərə istirahətə gedirsə, həmin istirahət vaxtının yarısını parklanma axtarmağa sərf etməyəcək”.
Yeni qaydaların tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Parklanma yerlərində çalışanlar da unudulmayıb. Həmin şəxslər ödənişli parklanma yerlərində işlə təmin olunacaqlar. Ekspert Elməddin Muradlının sözlərinə görə, kifayət qədər maaş qarşılığında onların da əməyindən istifadə olunacaq. 8 saatlıq normal iş rejimi müəyyənləşdiriləcək:
“Onlar gəlib 8 saat işləyəcəklər, maaşlarını alacaqlar vəətəndaşlara xidmət göstərəcəklər. Nədir bu xidmət? Tutaq ki, mobil tətbiqi yükləmə qaydası, istifadə etmək qaydası, ödənişi necə etməlidir, əlavə vaxt artırırsa, necə etməlidir. Artıq həmin vətəndaşlara təlimlər keçirilib. Proses bir az vaxt aparacaq, yəni hamısını bir gündə həll etmək mümkün deyil”.
Sözügedən parkinqlərdə axşam saat 22.00-dan səhər saat 07.00-ə qədər parklanma pulsuzdur. Həmçinin ilk 15 dəqiqə müddətində parklanma üçün ödəniş nəzərdə tutulmur. Avtomobilini göstərilən vaxtdan daha artıq park yerində saxlayan sürücülər isə 20 manat məbləğində cərimə olunacaqlar.
Aysu
