00:00:00
Yazar
Elmira Ağayeva
08.06.2026 22:31 23 3 dəq oxuma
Siyasət

Paşinyan: "Ermənistan Aİ-yə namizəd statusu üçün hələ hazır deyil"

Paşinyan: "Ermənistan Aİ-yə namizəd statusu üçün hələ hazır deyil"

 

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkə hazırda Avropa İttifaqına namizəd statusu almağa hazır deyil. Onun sözlərinə görə, yalnız Aİ-yə üzvlük və ya namizədlik üçün rəsmi müraciət olduqda referendum keçirmək mümkündür. Paşinyan vurğulayıb ki, Ermənistanın ciddi islahatlara ehtiyacı var və bu proses sürətləndiriləcək. O, həmçinin qeyd edib ki, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarıla bilməz, çünki təşkilatda qərarlar konsensusla qəbul olunur və ölkənin veto hüququ var.

 

Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistanda keçirilən seçkilərin rəsmi nəticələrinə görə, Nikol Paşinyan yenidən təkbaşına iqtidar olmağa nail olsa da, amma konstitusiya çoxluğu üçün yetərli səs toplaya bilməyib:

 

“Bu vəziyyət Nikol Paşinyan üçün müəyyən avantajlar yaratdığı qədər də dezavantaj yaradır. Çünki Nikol Paşinyan var gücüylə çalışır ki, Azərbaycanla sülh müqaviləsini tezləşdirsin və bunun üçün də Ermənistan konstitusiya islahatı aparılsın. Hazırkı situasiyada isə Ermənistan parlamentinin yeni tərkibində onun belə bir qərarı təkbaşına qəbul etməsi real görünmür və birmənalı olaraq Rusiyaya bağlı olan Samvel Karapetyan və ya Robert Köçəryan partiyasının nümayəndələrinin bu məsələdə Nikol Paşinyana dəstək verəcəyi inandırıcı görünmür və o cümlədən, Avropaya inteqrasiya, Avrasiya İttifaqından ayrılmaq kimi vacib konstitusiya qərarlarının qəbul edilməsi üçün Nikol Paşinyanın komandası təkbaşına, müstəqil addım atmaq iqtidarında deyil. Ola bilsin ki, bu baxımdan Nikol Paşinyan qeyd eləyir ki, onun ölkəsi hələlik Avropa İttifaqına üzv namizədliyi üçün tam hazır vəziyyətdə deyil və bu vaxtı çatanda konstitusiya dəyişikliyi, daha doğrusu, üzvlüklə bağlı referendum keçiriləcəkdir”.

 

Politoloqun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı ilə bağlı məsələyə gəldikdə isə, hesab edirəm ki, Nikol Paşinyan Rusiyanı provokasiyaya çəkir:

 

“Onun üçün öz milli maraqları və daha çox siyasi ambisiyalarının gerçəkləşdirilməsi prioritet məsələdir, nəinki konsensus, bərabərhüquqlu tərəfdaşlıq və sair kimi beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmək. Nikol Paşinyan isə "Bizi heç kim Avrasiya İttifaqından kənarlaşdıra bilməz, bizim veto hüququmuz var" deməklə bir növ Rusiyanı daha da qəzəbləndirməklə bu prosesi sürətləndirmək kimi bir provokasion bəyanatla çıxış eləyir. Rusiya belə bir istəyi olarsa, o, digər Avrasiya İttifaqına üzv olan ölkələrin iştirakı ilə Ermənistana qarşı belə bir qərarı qəbul edə bilər və Ermənistanın heç bu məsələdə hər hansı bir təsiri də olmaz.Azərbaycanla münasibətlərə gəldikdə isə, Ermənistanda yaranmış hazırkı situasiya, qeyd elədiyim kimi, sürətlə referendumun keçirilməsi və sülh sazişinin imzalanması prosesinə qarşı, heç şübhəsiz ki, terrorist və Xocalı qətliamının təşkilatçılarından və cəlladlarından olan Robert Köçəryan tərəfdarları parlamentdə bu məsələdə birmənalı mövqe nümayiş etdirməyəcək. Hələlik siyasətdə o qədər də peşəkar olmayan və Moskvanın direktivləri əsasında hərəkət edən, kapitalı Rusiyada olan, Rusiyadan iqtisadi baxımdan asılı Samvel Karapetyan da bu məsələlərdə Nikol Paşinyanı həvəslə, sona qədər dəstəkləyəcəyi inandırıcı görünmür. Amma düşünürəm ki, bu proseslərdən Nikol Paşinyanın alternativ çıxış yolları da ola bilər. Bunlardan biri, heç şübhəsiz ki, hər iki müxalif cinahdan və ya ikisindən birindən konstitusiya çoxluğunun əldə olunması üçün altı deputatın hakim düşərgəyə transfer olunması üçün onların şirnikləndirilməsi və ya şantaj yolu ilə hakim düşərgəyə cəlb edilməsi formasıdır. Və bir də bu sahədə Ermənistanın konstitusiyasını və digər müvafiq qanunvericiliyinə diqqət eləmək lazımdır ki, belə situasiyalarda vəziyyətin alternativləri nədən ibarət ola bilər. Çünki qanunvericilik təşəbbüsü ilə təkcə parlamentarilər çıxış etmir bir çox ölkələrdə, elə o cümlədən Azərbaycanda da. Xalqın da müəyyən bir sayda belə bir qanunvericilik təşəbbüsü ilə iştirak etmək hüququ var. Ola bilər ki, Nikol Paşinyan parlament çoxluğunun reallaşdıra bilməyəcəyi qanunvericilik təşəbbüsünü-referendumla bağlı məsələləri xüsusilə nəzərdə tuturam-elə xalqın müəyyən qismi adından da hazırlayıb referendumun gündəliyinə, yəni referendum mətni hazırlayıb ictimai müzakirəsini, hüquqi müzakirəsini təşkil etmiş olsun. Hər halda, hazırkı situasiya seçkilərdən önvəki qədər nikbinlik vermir. Xüsusilə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinin tezləşdirilməsi üçün Ermənistanda konstitusiya dəyişikliyini özündə əks etdirən referendum keçirilməsi ilə bağlı. Amma bütün hallarda, potensial imkanları daha çox olduğuna görə, alternativlər də  tükənməyib”.


Mələk Hüseynova

#Ermənistan #Aİ #seçkilər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər