Paşinyan: Ermənistan TRIPP-in icrasını təxirə salmaq niyyətində deyil
Paşinyanın sözlərinə görə, yaxın gələcəkdə Ermənistanla ABŞ arasında müvafiq saziş imzalanacaq və TRIPP layihəsinin praktiki icrasına başlanılacaq.
Mövzu ilə bağlı siyasi Taleh Əliyev “İnformator.az” a açıqlamasında bildirib ki, Ermənistan tərəfinin TRIP layihəsinin iclasında görünməsi və layihənin tərəfdaşlarından biri olan ABŞ-nin bu prosesdə daha aktiv və fəal mövqe tutması o deməkdir ki, layihənin qrafikdə nəzərdə tutulduğu kimi reallaşmasına başlanıla bilər:
“Lakin unutmaq olmaz ki, TRIP layihəsi Ermənistan üçün ayrıca və müstəqil bir fəaliyyət istiqaməti deyil. Layihənin uğurla həyata keçirilməsi və işlək vəziyyətə gətirilməsi üçün Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bu isə iki ölkə arasında münasibətlərin yeni müstəviyə konfliktli qarşılıqlı münasibətlərdən əməkdaşlığa, iqtisadi maraqların uzlaşdırılması və dərinləşdirilməsi mərhələsinə keçməsini tələb edir. Eyni zamanda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması da vacibdir. Çünki TRIP dəhlizi adından da göründüyü kimi, Orta marşrutun Cənubi Qafqazdan keçən iki istiqamətindən biridir. Ermənistanın bu sahədə əldə edəcəyi uğurlar, şübhəsiz ki, onun regionun digər vacib aktorları ilə, xüsusilə də Azərbaycanla münasibətlərindən asılıdır. Nəzərə alsaq ki, TRIP dəhlizi Azərbaycan ərazisindən iki istiqamətdə keçəcək həm Azərbaycanın əsas hissəsindən, həm də Naxçıvan Muxtar Respublikası ərazisindən. Ermənistan ərazisindən isə yalnız Mehri rayonu istiqamətində keçməsi planlaşdırılır. Buna görə də TRIP layihəsi ilə bağlı Ermənistanın maraqlarına uyğun atılan istənilən addım eyni zamanda Azərbaycanın maraqlarına da uyğundur. Bu istiqamətdə fəaliyyətin dərinləşməsi və genişlənməsi Ermənistanın xüsusilə, Azərbaycan və Türkiyə ilə münasibətlərində qarşılıqlı etimadın formalaşmasına və iqtisadi əlaqələrin genişlənməsinə təkan verə bilər. Bu yanaşma Ermənistanın yenidən Azərbaycana və Türkiyəyə qarşı saxta ərazi iddiaları irəli sürməsi və ya qondarma tarixi iddiaların təbliğindən daha faydalı və perspektivli istiqamət hesab olunur. Bu baxımdan Ermənistanın bu istiqamətdə israrlı olması və müəyyən uğurlar əldə etməsi həm Azərbaycanın maraqlarına uyğundur, həm də bütövlükdə regionun Avropa və ABŞ ilə əlaqələrinin güclənməsi baxımından əhəmiyyətlidir”.
Selcan Xudiyeva