Paşinyan Trampın Sülh şurasına qoşulmaq təklifini qəbul edib
Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurasına qoşulmaq təklifini qəbul edib. Bu addım Ermənistanın beynəlxalq sülh təşəbbüslərində iştirakını genişləndirməklə yanaşı, regionda və qlobal siyasətdə baş verən proseslər fonunda İrəvanın yeni mövqeyini nümayiş etdirir.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Sülh Şurasına dəvət olunmaq Ermənistan üçün kifayət qədər əhəmiyyətli siyasi prosesdir:
“Ermənistan həm ərazi, həm də siyasi və hərbi potensial baxımından kiçik və zəif bir dövlətdir. Belə bir ölkənin Yaxın Şərqdə, daha dəqiq desək, Qəzza bölgəsində sülhün yaradılması prosesinə cəlb olunması Ermənistan üçün ciddi hadisə hesab edilə bilər. Aydındır ki, Ermənistanın Yaxın Şərqdə, xüsusilə də Qəzza bölgəsində sülhün təmin olunmasında real və həlledici rolu yoxdur. Bu dəvətin əsas səbəbi Trampın mümkün qədər çox ölkəni, xüsusən də Ağ Evin prioritetlərinə açıq şəkildə qarşı çıxmayacaq dövlətləri Sülh Şurasında təmsil etdirmək niyyətidir. Bu baxımdan Ermənistanın həmin platformada müəyyən texniki və simvolik funksiyalar yerinə yetirəcəyi, əsasən Trampın siyasi xəttini dəstəkləyən ölkələr qrupunda olacağı gözlənilir. Çünki Sülh Şurasında ABŞ-nin maraqlarına alternativ mövqedən çıxış edən dövlətlər və onların rəhbərləri də yer alacaq. Belə bir şəraitdə Tramp üçün onu dəstəkləyən ölkələrin sayının artırılması mühüm əhəmiyyət daşıyır. Ermənistan kimi zəif və beynəlxalq təsir imkanları məhdud olan bir dövlətin dəvət olunması da məhz bu məqsədə xidmət edir. Təbii ki, bu addım Rusiyada müsbət qarşılanmaya bilər. Bununla belə, Tramp Ukraynanı işğal edən, onun şəhər və yaşayış məntəqələrini dağıdan Rusiya Prezidenti Vladimir Putini də Sülh Şurasına dəvət edib. Bu fakt Trampın qeyri-ənənəvi və praqmatik siyasi yanaşmasını bir daha nümayiş etdirir”.
Ekspert bunu da qeyd edib ki, ABŞ-nin bu addımlarla əsas məqsədi yaxın gələcəkdə daha aydın şəkildə ortaya çıxacaq:
“Son dövrlər Avropa İttifaqı və NATO müttəfiqləri ilə münasibətlərdə müəyyən məsafə yaradan ABŞ, hər vəchlə Rusiya ilə yaxınlaşmağa üstünlük verir. Bu isə Vaşinqtonun xarici siyasət prioritetlərində ciddi dəyişikliklərin baş verdiyini göstərir. Bütün bu proseslər Ermənistan-Rusiya münasibətlərinə də müəyyən təsir göstərə bilər. Bu münasibətlərdəki gərginliyin əsas səbəbləri Türk Şurası və ya bu qurumda mümkün təmsilçiliklə birbaşa bağlı deyil. Ermənistanla Rusiya arasındakı ziddiyyətlər daha əvvəl formalaşmış və Paşinyan hakimiyyətinin ölkəni Rusiyadan uzaqlaşdıraraq Qərbə yaxınlaşdırmaq siyasətindən qaynaqlanan proseslərdir. Bu səbəbdən Ermənistanın Türk Şurasında təmsil olunmasının Rusiya-Ermənistan münasibətlərinin mahiyyətinə ciddi təsir edəcəyi gözlənilmir”.
“Azərbaycana gəldikdə isə, bu proses ölkəmiz üçün hər hansı real risk yaratmır. Azərbaycan beynəlxalq arenada müxtəlif siyasi qütblərlə bərabərhüquqlu və balanslı münasibətlər quran dövlətdir. ABŞ-nin həm müttəfiqləri, həm də rəqibləri ilə Azərbaycanın münasibətləri stabil və qarşılıqlı maraqlara əsaslanır. Bu baxımdan Ermənistanın Türk Şurasında və ya digər beynəlxalq platformalarda təmsil olunması Azərbaycan üçün problem doğurmur və hər hansı təhlükə mənbəyi hesab edilə bilməz. Güclü və müstəqil Azərbaycan dövləti üçün Ermənistanın bu və ya digər platformada yer alması strateji əhəmiyyət daşımır”,- deyə, politoloq fikirlərini yekunlaşdırıb.
Güllər Gülhüseynova
