Pekində Azərbaycanın İpək yolu irsi təqdim olunub
Pekində keçirilən beynəlxalq elmi konfransda Azərbaycanı təmsil edən alim Aqşin Əliyev İpək yolu boyunca Azərbaycanın ədəbi əlaqələri və Azərbaycan ədəbiyyatında Çin motivləri barədə məruzə ilə çıxış edib. Tədbirdə elmi əməkdaşlıq və mədəniyyətlərarası dialoqun əhəmiyyəti vurğulanıb.
Mövzu ilə bağlı politoloq Xaqani Cəfərli “İnformator.az” a açıqlamasında bildirib ki, ölkələr arasında mədəni əməkdaşlıq bir qayda olaraq münasibətlərin inkişafına, cəmiyyətlərin yaxınlaşmasına təsir etdiyi üçün Azərbaycanın Çinlə mədəni əməkdaşlığı iki ölkə arasında strateji münasibətlərə müsbət təsir edir:
“Ancaq strateji münasibətlərin müəyyən olunmasında həlledici məsələ dövlətlərin maraqlarıdır. Əgər dövlətlərin maraqları ziddiyət təşkil edərsə, mədəniyyət əlaqələr münasibətlərə ciddi təsir edə bilməz. Mədəni diplomatiya Azərbaycanın xarici siyasətində hansı rolu oynadığını dəqiq dəyərləndirmək mümkün deyil. Çünki, bu çox aydın müşahidə olunmadığı, sistemli xarakter daşımadığı üçün nə isə demək çətindir. Şərqlə Qərb arasında körpü həmişə şərti xarakter daşıyıb. Bundan sonra da belə olacaq. Bu daha çox diplomatların olmayanı var kimi göstərmək istəyindən irəli gəlir”.
Mələk Hüseynova