00:00:00
Yazar
Admin User
01.11.2023 17:00 359 2 dəq oxuma
Sosial

Pensiya, maaş və sosial müavinətlər artırılacaqmı?

Pensiya, maaş və sosial müavinətlər artırılacaqmı?

Gələn il Azərbaycanda orta aylıq pensiyanın 435 manat olacağı müəyyən edilib. Bununla bağlı vətəndaşları maraqlandıran bəzi məqamlar yaranır. Tələbə təqaüdləri və ya digər sosial müavinətlər də artacaqmı? Bu artımla yanaşı, nəqliyyat və ərzaq qiymətlərində də artım müşahidə edilə bilərmi?

 

Sözügedən məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov İnformator.az-a açıqlama verib. İqtisadçı deyir ki, hökümətin 2024-cü il sosial siyasət ilə bağlı planlarını tam proqnozlaşdırmaq üçün hələki dəqiq məlumat söyləmək mümkün deyil.

 

“Ancaq bununla bağlı faktiki, iqtisadi,sosial təsirlər aspektindən və ya dövlət büdcəsi ilə bağlı nəzərdə tutulan məlumatlara nəzər salmaq olar”.

 

Ekspert qeyd edir ki, rəsmi açıqlanan rəqəmlərə görə, inflyasiya 10%-dən çoxdur.

 

“Əhalinin sosial qrupunun (pensiyaçılar, tələbələr, az gəlirli və əlilliyi olan şəxslər) xərcləri daha çox artır. Onların xərclərinin əsasını gündəlik tələbat malları və ərzaq məhsulları təşkil edir. Bunlar da qiyməti ən çox bahalaşan məhsul, xidmət növləridir. Yəni, inflyasiya sosial qruplar üzərində daha çox təsir edir”.

 

Rəşad Həsənov düşünür ki, 2024-cü ildə yeni sosial paketlərin açıqlanması, müavinətlərin, minimium əməkhaqqının və digər sosial ödənişlərin artırılmaması istiqamətində qərarın qəbul edilməsi əhalinin yoxsullaşması ilə nəticələnə bilər.

 

“Bu aspekt baxımından düşünürəm ki, hökümət belə bu istiqamətdə müəyyən qərar qəbul etməlidir. Büdcəyə baxıldığında sosial xərclərdə artımlar, təxmini 500 milyon manat nəzərdə tutulub. Bu geniş miqyasda yüksək faizli artımları şərtləndirmir. Lakin bu vəsaitləri və əlavə olaraq, büdcənin ehtiyac fondundan vəsaitləri cəlb etməklə 2024-cü ilin yanvarında sosial paketlərin açıqlanma ehtimalı var”.

 

Müsahib əlavə edir ki, mövcud halda bizim çıxardığımız nəticələr nisbətən pessimistdir.

 

“Görürük ki, hökümət müzakirə mərhələsində olan sənədlərində minimium pensiya, əməkhaqqı səviyyəsini sabit saxlayır. Ancaq bununla yanaşı, özünün də irəli sürdüyü, təklif etdiyi sənədlərdə ehtiyac meyarının artdığı görünür. Bu o deməkdir ki, xərclər bərpa olunacaq, xərclər artdığı halda hələlik bu göstəricilərin sabit saxlanılmasının sosial-iqtisadi izahının asan şəkildə təqdim edilməsinin mümkün olduğunu düşünmürəm. Hökümətin aiddiyyatı strukturları bunu inflyasiya təzyiqləri ilə izah edir".

 

İqtisadçı əlavə edir ki;

 

“Nəzərə almaq lazımdır ki, hökümətin əsas funksiyalarından biri əhalinin inflyasiya təzyiqlərindən qorunması və qiymət artımları ilə əhalinin alıcılıq gücünün zəifləməsi arasındakı tarazlığı tapmaqla əhalini təzyiqlərdən qoruma istiqamətindədir”.

 

Ekspert sonda müsbət qərarların atılması ilə əlaqədar, ümidli olduğunu deyib.

 

"Ümid edirəm ki, bu proseslər sonda rasional məcraya yönələcək və müsbət qərarlar qəbul ediləcək".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər