Pensiyalarla bağlı ŞAD XƏBƏR
“2024-cü ilin dövlət büdcəsinin sosial istiqamətə ayrılan vəsaitlərin həcmində artırılması nəzərdə tutulur. Belə ki, sosial təminat və sosial müdafiə xərclərinə 4,5 milyarddan artıq vəsait ayrılacaq. Bu birbaşa ayrılan vəsaitdir. Əməkhaqqlarının verilməsinə görə isə 9 milyarddan artıq vəsaitin ayrılması nəzərdə tutulur”.
Bu sözləri İnformator.az-a açıqlamasında millət vəkili, iqtisadçı Vüqar Bayramov söyləyib. Millət vəkilinin sözlərinə görə, büdcə xərclərinin 45%-i sosialyönümlü olacaq.
“Buna əsasən deyə bilərik ki, yanvar ayından etibarən, pensiyalarda 11 %-lik artım müşahidə edəcəyik. Bu artımlar bütün növ əmək pensiyalarını əhatə edəcək. Məbləğindən asılı olmayaraq əmək pensiyası alan bütün vətəndaşlarımızın pensiyalarında artımlar hesablanacaq, yanvar ayından da tətbiq ediləcək”.
Vüqar Bayramov sosial yardımların da artırılmasının reallaşacağını söyləyib.
“Ehtiyac meyarının artırılması, Ünvanlı Sosial Yardım Proqramında yardım alanların da dövlətdən aldığı yardım məbləğinin çoxalmasına gətirib çıxaracaq. Sosial yardım alan ailələrin gəlirlinin artırılması nəzərdə tutulur”.
Deputat deyir ki, təqaüdlər və sosial müavinətlər üçün də nəzərdə tutulan məbləğ artırılır.
“Bunun üçün isə maliyyə bazası formalaşdırılır. Minimum əməkhaqqı və pensiya Cənab Prezidentin sərəncamına əsasən, artırılıb. 2023-cü ildə də minimum əməkhaqqı büdcə qəbul olunduqdan sonra, Cənab Prezidentin sərəncamına əsasən, artırıldı. Cənab Prezidentin tapşırıq və göstərişləri də ondan ibarətdir ki, sosial paket daha da genişlənsin, vətəndaşlarımızın sosial təminatı daha da güclənsin. Maliyyə imkanları konteksində artımların reallaşacağı gözləniləndir”.
Həcər Əmiraslanlı
