Peşəkar menecer düzgün strategiya deməkdir
Kommunikasiya istər özümüzü ifadə etmək baxımından, istərsə də informasiya əldə etmək cəhətdən həyatımızda başlıca pillədə yer tutur. Texnoloji inkişaf kommunikasiya sahəsinə də təsir edir. Bu da özlüyündə dərin araşdırma tələb edən mövzuya çevrilir. Bu barədə piar və kommunikasiya üzrə mütəxəssis Azər Nəzərov öz təcrübə və görüşlərini İnformator.az-a danışıb.
Kommunikasiya nədir?
Kommunikasiya mesajın bir tərəfdən digərinə ötürülməsi üçün vasitədir. Kommunikasiya şirkətin öz məhsulunu insanlara tanıtmaq üçün və onlarda məhsula qarşı rəy yaratmaqdan başlayır. Artıq qurumlar üçün sosial şəbəkə üzərindən canlı yayımlar əsas vasitələrdən biridir.
İnformasiya mübadiləsinin yaranmasını hansı dövrə bağlamaq olar?
İnformasiya mübadiləsi əslində bəşəriyyət yaranan dövrdən başlayır. Baxmayaraq ki, daha peşəkar texnologiyalar mövcud deyildi, amma elə o zamandan insanlar bir-birilərinə jest və mimikalarla informasiya ötürürdülər, həmçinin şəkil və ya müxtəlif işarələri də, bura aid etmək lazımdır. Daha peşəkar mübadilə isə məlumatların dəri və yaxud papirus üzərində yazılması, saxlanılması, ötürülməsi kimi fəaliyyətlərin başladığı dövrə təsadüf edir.
Şirkətlər kommunikasiya strategiyalarını nəyə əsasən qurmalıdırlar?
Hədəflərinə əsasən qurmalıdırlar. Bəzən şirkətin qarşısına qoyduğu hədəfin tələb etdiyi texnoloji avadanlıq onda mövcud olmaya bilər. Buna görə də məqsədi qoymamışdan əvvəl maliyyə və avadanlıq nəzərə alınmalıdır. Strategiyanı qurmaq üçün ən vacib amillərdən biri isə yaxşı menecerin tələb olunmasıdır. Çünki strategiyanı kortəbii qurmaq istəmiriksə keyfiyyətli menecerə sahib olmaq vacib faktorlardan biridir.
Böhranın idarə olunmasında kommunikasiyanın rolu nə dərəcədə əhəmiyyətlidir?
Böhran kommunikasiyasına böhrandan öncə hazırlaşmaq lazımdır. Yaratmaq istədiyimiz şirkətin və ya qurumun böhran kommunikasiyasını qurarkən əvvəlcə nümunələrə baxmaq lazımdır. İstər dünyada olsun, istərsə də ölkəmizdə həmin qurumlar hansı böhran halları ilə qarşılaşıblar. Məsələn, özəl bir məktəb açırıq. Dünyada məktəblərdə hansı böhran halları yaşanıb? Rüşvət, qidadan zəhərlənmə, şagird-müəllim mübahisəsi, intihar və s. Bu sadalananlar ölkəmizdəki təhsil müəssisələrində də mövcuddur. Deməli, bu cür böhran bizim də başımıza gələ bilər. Ona görə də ola biləcək böhranın həlli də əvvəldən hazırlanmalıdır. Eyni zamanda böhran kommunikasiyası komandası da qurulmalıdır. Bu komanda bütün informasiya axınını təmin edir. Amma bu komanda piar komandasından fərqlənir. Burada qurumun rəhbəri və ya onun müavini söz sahibi qismində iştirak etməlidir. Bu kollektivdə hər bir üzvün vəzifəsi əvvəlcədən müəyyənləşdirilir. Bir nüansı da nəzərə almalıyıq ki, böhran kommunikasiyası strategiyasının vəzifəsi böhranı aradan qaldırmaq yox, onun mənfi tərəflərini azaltmaqdır.
Kommunikasiyanın sürətli inkişafının mənfi cəhətləri varmı, varsa hansılardır?
Kommunikasiya nə qədər sürətli inkişaf etsə, məlumat qarşı tərəfə bir o qədər tez çatar. Amma bunun mənfi tərəflərindən biri kimi avadanlıqdan düzgün istifadə olunmamasını göstərmək olar. Həmçinin bu texnologiyanın bəzi şəxslər tərəfində pis məqsədlər üçün istifadə olunması da buna aiddir. Məsələn, hansısa şəxs haqqında mənfi rəy yaratmaq, gözdən salmaq üçün. Sosial şəbəkələrdə yalan informasiya paylaşılması və çox tez bir zamanda cəmiyyət tərəfindən oxunmasını da tam yox, qismən mənfi hal kimi saymaq olar. Amma nəzərə almaq lazımdır ki, texnoloji alətlər yalnız müsbət məqsədlər üçün istifadə olunmur.
Üzeyir Xəlilov
