Peyk yayımı niyə hamı üçün əlçatan deyil?
Son illərdə televiziya və media istehlakında rəqəmsal platformalar artsa da, peyk yayımı hələ də bir çox istifadəçi üçün aktual olaraq qalır. Lakin bu xidmətin hər kəs üçün eyni dərəcədə əlçatan olmaması suallar doğurur.
Mövzu ilə bağlı media eksperti Nicat Abdullayev "İnformator.az”a açıqlamasında bildirib ki, peyk yayımı hamı üçün eyni dərəcədə əlçatan deyil:
“Peyk yayımının hər kəs üçün eyni səviyyədə əlçatan olmaması təkcə texniki məsələ kimi qiymətləndirilməməlidir. Burada iqtisadi imkanlar, infrastruktur səviyyəsi, coğrafi şərait, texnologiyaya çıxış imkanları və dəyişən media istehlakı vərdişləri paralel şəkildə rol oynayır. Son illərdə rəqəmsal platformaların sürətlə artmasına baxmayaraq, peyk yayımı hələ də xüsusilə geniş əhatə dairəsinə görə aktual informasiya və yayım vasitəsi olaraq qalır. Əsas səbəblərdən biri ondan ibarətdir ki, peyk yayımından istifadə üçün təkcə siqnalın mövcudluğu kifayət etmir. İstifadəçinin anten sistemi, qəbuledici avadanlığı, düzgün quraşdırma imkanı və texniki xidmətə çıxışı olmalıdır. Xüsusilə sıx yaşayış massivlərində, hündür binaların çox olduğu ərazilərdə və ya dağlıq zonalarda siqnalın keyfiyyətində problemlər yarana bilir. Bu isə xidmətin hamı üçün eyni səviyyədə istifadəsini çətinləşdirir”.
Həmçinin ekspert qeyd edib ki, bu sahədə texniki infrastrukturun rolu olduqca böyükdür:
“Peyk yayımı həm yayımçı tərəfdə, həm də istifadəçi tərəfində peşəkar və dayanıqlı sistem tələb edir. Əgər ölkə daxilində texniki servis şəbəkəsi zəifdirsə, avadanlıq bazarı məhduddursa və ya montaj xidmətləri kifayət qədər inkişaf etməyibsə, bu zaman vətəndaşın həmin xidmətdən rahat istifadəsi mümkün olmur. Başqa sözlə, infrastruktur nə qədər güclüdürsə, əlçatanlıq da bir o qədər artır. Qiymət məsələsi də istifadəçi seçimlərinə birbaşa təsir göstərir. Peyk yayımı üçün ilkin mərhələdə anten, receiver, kabel və quraşdırma xərcləri tələb olunur. Bir çox ailə üçün bu, əlavə maliyyə yükü deməkdir. Xüsusilə artıq evində internet bağlantısı olan istifadəçi düşünür ki, mövcud internet üzərindən televiziya platformalarına qoşulmaq daha rahat və daha sərfəlidir. Bu baxımdan bazarda rəqabət artıq yalnız kanallar arasında deyil, platformalar arasında gedir. Gələcəkdə peyk yayımının daha geniş auditoriyaya çatması üçün ilk növbədə bu xidmət daha sadə, daha münasib qiymətli və daha funksional hala gətirilməlidir. Yeni nəsil cihazların bazara çıxarılması, quraşdırma xərclərinin azaldılması, bölgələrdə texniki servis şəbəkəsinin genişləndirilməsi vacib addımlardır. Paralel olaraq peyk yayımı internet xidmətləri ilə inteqrasiya olunmalı, yəni hibrid model qurulmalıdır. Bu modeldə canlı yayım peyk üzərindən, əlavə kontent və arxiv xidmətləri isə internet vasitəsilə təqdim oluna bilər. Bu forma hazırda televiziya kanallarında müəyyən mənada mövcuddur. Düşünürəm ki, mövcud təcrübəni inkişaf etdirərək dayanıqlı sistem qurmaq olar. Hesab edirəm ki, peyk yayımı köhnəlmiş texnologiya deyil. Sadəcə media bazarı dəyişib və bu texnologiya yeni dövrün tələblərinə uyğun yenilənməlidir. Xüsusilə ucqar ərazilərdə, internetin zəif olduğu bölgələrdə və alternativ yayım imkanlarının məhdud olduğu məkanlarda peyk yayımı hələ uzun illər öz əhəmiyyətini qoruyacaq”.
Arzu Poladova