00:00:00
Yazar
Ayan Sədi
01.07.2026 15:06 22 2 dəq oxuma
Sosial

Peyvənd autizm yaradır? - Psixoloqdan xəbərdarlıq

Peyvənd autizm yaradır? - Psixoloqdan xəbərdarlıq

 

Son illərdə autizm spektr pozuntusu diaqnozu alan uşaqların sayının artması cəmiyyətdə müxtəlif suallar doğurur. Bəziləri bunu telefon, televizor və ya peyvəndlə əlaqələndirsə də, mütəxəssislər bildirirlər ki, məsələ bu qədər sadə deyil.

 

Bu barədə "İnformator.az"-a açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib ki, autizmli uşaqların sayının artmasının dəqiq elmi səbəbi hələ də tam müəyyən edilməyib.

 

Psixoloqun sözlərinə görə, müşahidə olunan artımın əsas səbəblərindən biri diaqnostikanın inkişaf etməsi və cəmiyyətdə məlumatlılığın artmasıdır:

 

“Əvvəllər autizm diaqnozu qoyulmayan bir çox uşağa bu gün daha erkən yaşlarda və daha dəqiq şəkildə diaqnoz qoymaq mümkündür. Keçmişdə əqli inkişaf geriliyi və ya digər psixi pozuntular kimi qiymətləndirilən bəzi hallar indi autizm spektr pozuntusu kimi müəyyən edilir. Bu da statistik artım təəssüratı yaradır”.

 

Psixoloq qeyd edib ki, bəzi valideynlər autizmin yaranmasını telefon, televizor və ya peyvəndlə əlaqələndirsələr də, elmi araşdırmalar bunu təsdiqləmir:

 

“Genişmiqyaslı tədqiqatlar göstərir ki, peyvəndlərin autizm yaratması ilə bağlı elmi sübut yoxdur. Telefon və televizordan həddindən artıq istifadə uşağın inkişafına mənfi təsir göstərə bilər, lakin bunlar autizmin birbaşa səbəbi hesab edilmir”.

 

A. Ələkbərovanın sözlərinə görə, elmi dairələrdə autizmin yaranmasında genetik və bəzi bioloji amillərin rolunun olduğu daha çox qəbul edilir. Bununla yanaşı, hamiləlik dövründə təsir göstərə bilən müəyyən risk faktorları üzərində də araşdırmalar davam etdirilir. Lakin bu amillərin heç biri autizmin dəqiq yaranma səbəbi kimi sübut olunmayıb.

 

Psixoloq vurğulayıb ki, autizmin qiymətləndirilməsi və müalicəsində multidissiplinar yanaşma vacibdir:

 

“İlk mərhələdə uşaq nevroloqu və uşaq psixiatrı tərəfindən qiymətləndirmə aparılmalıdır. Daha sonra davranış terapiyası psixoloq və loqoped tərəfindən davam etdirilməlidir. Yalnız psixoloqa müraciət etməklə problemi həll etmək mümkün deyil. Bu, həm vaxt itkisinə, həm də valideynin əlavə maddi xərc çəkməsinə səbəb ola bilər”.

 

Təhminə Abdurəhimova

#baki #xəbərdarlıq #psixoloqdan #xəbər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər