Pezeşkian Trampın etirazçılara dəstəyini rədd edib
İran Prezidenti Məsud Pezeşkian Donald Trampın İrandakı etirazçılara dəstək bəyanatını “cəfəngiyyat” adlandırıb. O bildirib ki, etirazlar xarici müdaxilə ilə əlaqələndirilə bilməz və hökumət vəziyyətə nəzarət etmək üçün tədbirlər görür.
Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az" a açıqlamasında bildirib ki, İran prezident Məsud Pezeşkiyan etirazçılarla danışıqlara getməyə hazır olduğunu bildirib:
"O, etirazçıların tələblərini əsas tutaraq eyni zamanda hakimiyyətin daxilindəki mühafizəkar qrupa təsir göstərməyi nəzərdə tutur. Donald Trampın təhdid xarakterli mesajını rədd etməklə də hakimiyyət daxilindəki mühafizəkarların sözünü kəsmək istəyir. Əslində prezident özü də etirazların zorla yatırılmasına razı deyil. Əgər zorakılıq baş verərsə, ABŞ-nin Venesuela prezidentini oğurlamasına münasibətdən fərqli olaraq beynəlxalq aləm dərhal buna etiraz edə bilər. Eyni zamanda İranın beynəlxalq mövqeyinə zərbə dəyər ki, hazırki gərgin durumda Tehran üçün bu da arzu olunan deyil. Prezident Pezeşkiyanın Trampın açıqlamasını "cəfəngiyyat" adlandırması İran və ABŞ arasında heç bir fərqli münasibət yaratmayacaq. Bu, İran rəhbərləri vasitəsilə ABŞ liderlərinə deyilən, sözlərdən ən yumşağıdır. ABŞ-nin məqsədi etirazları artırıb şahın oğlunu hakimiyyətə gətirməkdir. Təbii ki, islahatçı prezident olan Pezeşkiyan da belə olduğu halda ABŞ-nin niyyətini anlayır və kənar müdaxilənin qəbuledilməz olduğunu bəyan edir. Əgər zorakılıq baş versə, ABŞ bunu əldə əsas tutaraq hakimiyyətin başında duranları hava hücumu ilə vura, gecə ilə götürüb ölkəsinə apara bilər. Hazırda İsrail və ABŞ ciddi şəkildə iş aparır ki, İranda xaos böyüsün və hakimiyyətə şahın varisini gətirsinlər. Federativ sistem nəzərdə tutulur ki, kürdlər və türklər üçün də federasiya qurmaq imkanı yaranır. Bu il ərzində İran məsələsi tam həll olunacaq. Yaxın aylarda artıq daxili üsyanlar nəticəsində rejimin çöküşü baş tutmasa, ABŞ və İsrail hava hücumu və paralel müdaxilə ilə əməliyyatlara başlayaraq sistemi dəyişəcək. Bu planlaşdırılıb. Əgər bu planın dəyişməsinə, alternativinin ortaya qoyulmasına səbəb olan hadisələr meydana çıxmasa ilin ortalarına doğru İranla bağlı böyük dəyişikliklərin olduğuna şahid olacağıq".
Ayşən Səlimova
