Piyadalar üçün skuter təhlükəsi: Səkidə sürənlərə cərimə xəbərdarlığı
Skuterlərin piyada zolaqlarını zəbt etməsi piyadaların sərbəst hərəkətinə və təhlükəsizliyinə mane olur. Səkilər piyadalar üçün nəzərdə tutulduğundan skuterlərin bura daxil olması risk yaradır.
Mövzu ilə bağlı "İnformator.az" a açıqlamasında nəqliyyat və avtomobil məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, skuterlərin piyada zonalarında idarə olunması piyadalar üçün həqiqətən də çətinlik yaradır.
"Tövsiyə olunur ki, skuterləri xüsusi salınmış velosiped zolaqlarında idarə etsinlər. Velosiped zolağı yoxdursa, avtomobil yolunun sağ, yəni birinci zolağında hərəkət etmək olar. Qanunvericilik buna icazə verir. Ola bilsin ki, bəzi vətəndaşların bu qanunvericilikdən xəbəri yoxdur, bu səbəbdən piyada zonalarına daxil olurlar".
Ekspert qeyd edir ki, piyada zonasında skuter idarə etmək həm özləri, həm də piyadalar üçün bir təhlükədir. Skuter artıq qanunvericilikdə nəqliyyat vasitəsi kimi də təsbit olunub. Onların hərəkəti qanunvericiliyə uyğun tənzimlənir.
"«Yol hərəkəti haqqında» qanunda dəyişiklik edilib və İnzibati Xətalar Məcəlləsində də bununla bağlı məsuliyyət müəyyənləşdirilib. Yəni yol hərəkəti qaydalarını pozan skuter sürücüləri İnzibati Xətalar Məcəlləsinə görə cərimələnə bilərlər".
Xədicə İsmayılova