"PƏNCƏRƏDƏ İŞIQ" MƏKTƏBSİZ QALACAQ
173 saylı məktəbin şagirdləri yeni tədris ili üçün başqa məktəbələrə köçürülüblər. Amma problem köçürülmənin valideynlərin xəbəri, razılığı olmadan baş verməsidir. Valideynlər deyirlər ki, məktəbin ibtidai sinifləri başqa məktəbə köçürülsə də, tədris ilindən hələ hansı məktəbə gedəcəklərini bilməyən siniflər də var.
Yasamal rayonunda yerləşən Nəsrəddin Tusi adına 173 saylı məktəbdə təhsil alan uşaqların valideynləri tədris ilinin başlamasına 1 ay qalmış övladlarının digər məktəbə köçürüldüyü xəbərini almalarından narazıdırlar. “3 nəvəm burda oxuyur, birini də göndəriblər 150 saylı məktəbə. Biləcəridən uşaqları 2 avtobus dəyişib gətirirəm bura. İndi burdan da birini ora göndərirlər. Mən yolda qalmalıyam onda?”, “Özləri gedib özləri gəlir, buranın sakinləriyik. Uşaqlarımızın yarısı orda, yarısı burda. Nəyə görə mən iki məkətb arasında qalmalıyam?”.
Məsələ ilə bağlı BŞTİ-dən verilən açıqlamaya görə, sözügedən məktəbdə heç bir şagird qalmayacaq, bütün şagirdlər yaxınlıqda olan digər təhsil müəssisəsinə yerləşdiriləcək. Səbəb 173 nömrəli məktəbin ətrafında yaşayış evlərinin sökülməsi və ərazidə yaşayanların kəskin azalması ilə əlaqədar təhsil ocağında bir sıra sinif komplektlərinin tamamlanmamasıdır. “Şagirdlərin 150 nömrəli tam orta məktəbdə yerləşdirilməsi nəzərdə tutulur. Yerləşdirmə zamanı müəllim və valideynlərin ümumi rəyi nəzərə alınacaq, şagirdlərin normal tədris şəraitinin təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılacaq”.
Qeyd edək ki, söhbət məşhur “Pəncərədə işıq” teletamaşasının çəkilişlərinin aparıldığı məktəbdən gedir.
LAMİYƏ
