Polietilen torba, yoxsa eko çanta?
Son zamanlar geniş şəkildə yayılan çantalardan- eko çantalardan danışacağıq. Daha çox üzərindəki dizaynlarla- istər milli, istər xarici personajların fotoları ilə diqqəti cəlb etdiyindən əksəriyyət onu dəb məqsədi ilə istifadə edir. Amma bu çantaların satışında başlıca məqsəd polietilen torbalardan istifadənin azaldılmasıdır...
Bu günə qədər polietilen torbalardan istifadənin azaldılması istiqamətində bir sıra işlər görülüb. Onlardan biri və ən uğursulu demək olar ki, eko çantalardır.
10 manatdan başlayaraq hər qiymətə eko çanta satışda mövcuddur. Qiymətlər təbii ki, çantanın dizaynına, materialına görə dəyişir. Satıcılar deyir ki, hazırda daha çox milli personajlar, ornamentlər olan eko çantalara tələbat var. Onların isə alıcılarının əksəriyyəti turistlərdir.
Satışda müxtəlif dizaynlı eko çantalara rast gəlmək olur. Hansı ki üzərində həm yerli yazıçı publisistlərin, həm də xarici personajların fotoları yer alır. Üzərində Xurşudbanu Natəvan, M.Ə.Sabir, digərində Harry Potter, Nizami Gəncəvi, “Təhminə və Zaur” filmindən müəyyən kadr yer alır.
Eko çantaların hazırlanması ilə ayrıca məşğul olanlar da var. Elə müsahibimiz Aydan Mahmudazadə kimi. 4 ilə yaxındır ki, işin içində olan Aydan eko çantaların hazırlanması və satışı üzrə özünə xüsusi brend də yaradıb: “Biz daha çox kollajlar edirik çanta üzərində. Hansısa rəsm əsərinin palitrasını götürərək və yaxud fərqli parçalardan kompozisiya hazırlayaraq. Qiymətlər isə 15-25 manat arasında dəyişir. Xüsusi sifarişlər də olur. Amma qiymət eyni olaraq qalır”.
Eko çantalar 100% pambıq tərkibli və ekoloji zərərsiz boyalardan hazırlandığına görə təbiətə zərər vurmur. Bu çantalar vasitəsi ilə alış-verişinizi rahat şəkildə edə, piknikə, eləcə də dəniz kənarında istirahətə gedərkən sizə lazım olacaq qida, su qabı və bir çox əşyalarınızı daşıya bilirsiniz.
Ekoloq Qorxmaz İbrahimli deyir ki, indi haraya baxsan dənizin üzərində polietilen torba üzür: “Düşünürəm, hər ailəyə müəyyən kiloluq eko çanta paylansa çox gözəl olar. Hətta bununla bağlı məktəblərdə layihələrin təşkil edilməsi də insanları maarifləndirər”.
Unutmayaq ki, təbiətin dostu olan ekoçantalar bizim də dostumuz ola bilər. Gəlin, polietilen yerinə ekoçantaları seçərək, təbiətə bir faydanı da biz verək.
Nəzrin Malik
