POLİETİLEN TORBALARIN ÖDƏNİŞLİ OLMASI NƏYİ DƏYİŞDİRDİ?
Nazirlər kabinetinin fevral qərarı ilə marketlərdə və ticarət mərkəzlərində vətəndaşlara təqdim edilən və qalınlığı 15-20 mikron olan polietilen torbalar ayrıca məhsul növü kimi ödənişli təqdim olunur. Məlum qərarın icrasından artıq 6 aya yaxın bir vaxt keçib, amma yenə də marketlərdən və ya iri ticarət mərkəzlərindən çıxanların əlində salafan paketlər gözə dəyir.
Alış-veriş məqsədi ilə marketə daxil olanların hər biri, demək olar ki, əlində polietilen torba ilə çıxır. Kağız və ya parça materiallı paketlər isə gözə dəymir. Alternativ vasitələrdən yararlana bilməyənlər hesab edirlər ki, bir müddətdir icra olunan qanunun heç bir effekti yoxdur. Sadəcə marketlərin qazancı artıb.
İqtisadçı ekspert Eldəniz Əmirov da belə düşünür. Onun sözlərinə görə nəticəyə tam nail olunmasa da, vəziyyət qismən düzəlib. “Həm torbaların satış həcmində, həm də keyfiyyətində ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklər özünü dərhal deyil, zaman-zaman göstərməyə başlayır. Biz dünya təcrübəsində də bunu görmüşük. İstər Türkiyə, istərsə də Böyük Britaniya təcrübəsində bu torbaların pul ilə olması zaman keçdikcə effekt verib”. Amma hazırda ölkədəki mövcud problemin həlli “təkcə zamanla bağlı deyil, həm də ticarətçilər üzərinə düşəni etməlidir”- deyir, ekspert. Söhbət mağazalarda salafan paketlərin əvəzinə hər kəsin ala biləcəyi kağız və ya parça vasitələrin təklif edilməməsindən gedir. “Hazırda bu prosesdə çatışmayan bu torbalara alternativlərin təqdim olunmamasıdır. Təbii olaraq müəyyən təklif edilən məhsullar var, istər kağız, istər parça torbalar var, amma bu torbaları alternativ adlandırmaq olmaz. Yəni 3-5 qəpiyə satılan torbaya bir manat, bir manat əlli qəpiyə təklif edilən torbaları alternativ adlandırmaq olmaz. Ən azından iri ticarət şəbəkələrində bu məsələ haqqında düşünülməlidir ki, insanlara alternativ torbalar təklif edilsin”.
Belə olan halda, istehlakçılar birdəfəlik salafan paketlərdən deyil, 3-5 qəpik qarşılığında aldıqları torbalardan dəfələrlə yararlanacaqlar ki, bu da nəticəyə daha tez çatmağa kömək edəcək.
GÜNDÜZ
