"Polisə qoyulan hörmət dövlətə qoyulan hörmətdir" - 2 İyul Azərbaycan Polisi Günüdür
Bu gün - 2 İyul Azərbaycan Polisi üçün vacib günlərdəndir. Məhz 1918-ci ildə ilk milli polis qurumlarının yaradılmasından 108 il ötür. Milli dövlətçiliyimizin formalaşmasında, sabitliyin təmin olunmasında müstəsna xidmətləri olan polis orqanlarının fəaliyyəti hər zaman dövlət rəhbərliyinin diqqətindədir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, polisə olan hörmət dövlətə olan hörmətdir. Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir.
Biz də "İnformator.az" xəbər saytı olaraq ilk əlaqə saxladığımız qurum Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti oldu.
Əlamətdar gün ilə bağlı "İnformator.az"ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, bu gün münasibətilə nazirlik bütün daxili işlər orqanlarının əməkdaşlarını səmimi-qəlbdən təbrik edir:
"İctimai asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və dövlətçiliyimizin maraqlarının müdafiəsi istiqamətində fədakarlıqla xidmət edən polis əməkdaşlarına gələcək fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı və məsuliyyətli xidmət yollarında nailiyyətlər arzulayırıq. 1918-ci il iyulun 2-də əsası qoyulan və zəngin tarixi inkişaf yolu keçən Azərbaycan polisi bu gün ölkədə daxili sabitliyin, ictimai asayişin və qanunçuluğun qorunmasının ən mühüm təminatçılarından biridir. Müasir çağırışlar fonunda daxili işlər orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, rəqəmsallaşma proseslərinin sürətləndirilməsi, süni intellekt əsaslı intellektual idarəetmə və "Təhlükəsiz Şəhər" sistemlərinin tətbiqi cinayətkarlığa qarşı mübarizənin səmərəliliyini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Azərbaycan polisi hüquq-mühafizə funksiyalarını yerinə yetirməklə yanaşı, vətəndaş məmnunluğunun təmin edilməsi, polis-vətəndaş münasibətlərinin şəffaflıq və operativlik prinsipləri əsasında qurulması istiqamətində institusional tədbirləri davamlı olaraq icra edir. Xidməti vəzifələrin yerinə yetirilməsi zamanı göstərilən fədakarlıq, yüksək sosial məsuliyyət və peşəkarlıq dövlətimizin və cəmiyyətimizin fundamental təhlükəsizlik maraqlarına xidmət edir. Əlavə olaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və daxili sabitliyi uğrunda canlarından keçmiş şəhid polis əməkdaşlarının əziz xatirəsini dərin ehtiramla yad edirik".
Mövzu ilə bağlı "İnformator.az"a Ağdaş rayon Polis şöbəsinin əməkdaşı, Polis baş serjantı Elvin Mustafayev də öz təəssüratlarını bölüşüb:
"Polis forması sadəcə bir geyim deyil, hər bir vətəndaşımızın dinc və rahat yuxusunun üzərinə çəkilmiş görünməz bir sipərdir. Biz bu formanı əynimizə geyinəndə şəxsi rahatlığımızı unudur, cəmiyyətin dincliyini özümüzə ən müqəddəs vəzifə seçirik. Hər gün qarşılaşdığımız ağır psixoloji gərginlik, ekstremal risklər və qeyri-müntəzəm iş rejimi bəzən bizi fiziki olaraq yorsa da, bircə vətəndaşımızın bizə baxıb özünü təhlükəsizlikdə hiss etməsi və göstərdiyi səmimi məmnunluq bütün yorğunluğumuzu silib aparır. Müasir dövrün polisi artıq təkcə fiziki gücü ilə deyil, həm də süni intellekt texnologiyalarından istifadə edən, analitik düşünən və rəqəmsal dünyanın çağırışlarına cavab verən intellektual bir gücdür. Bu müqəddəs peşə bayramı günündə bir daha əmin edirəm ki, dövlətimizin, cəmiyyətimizin və xalqımızın təhlükəsizliyi üçün hər an, hər saniyə xidmətdəyik".
Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev də "İnformator.az"a açıqlamasında Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını və hüquq-mühafizə orqanlarında çalışan hər kəsi səmimi-qəlbdən təbrik edib:
"Dövlətimizə, xalqımıza və vətənimizə xidmət yolunda böyük fədakarlıq göstərən Azərbaycan polisinə fəaliyyətində yeni uğurlar arzulayıram. Etiraf etmək lazımdır ki, ölkəmizdə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində Azərbaycan polisinin müstəsna xidmətləri var. Məhz bu fədakar fəaliyyət nəticəsində Azərbaycan polisi cəmiyyətin böyük etimadını qazanıb. Fövqəladə hallar və ekstremal situasiyalar zamanı dəfələrlə polis əməkdaşlarının vətəndaşlara yüksək peşəkarlıqla, həssaslıqla və qayğı ilə yanaşmasının şahidi olmuşuq. Onlar insanların təhlükəsizliyinin təmin edilməsi, çətin vəziyyətdə olan vətəndaşlara yardım göstərilməsi, o cümlədən ictimai sabitliyin qorunması istiqamətində hər zaman ön sırada olublar. Azərbaycan polisi ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizədə də mühüm rol oynayıb. İstər Birinci Qarabağ müharibəsində, istər Vətən müharibəsində, istərsə də Antiterror tədbirləri zamanı polis əməkdaşları böyük fədakarlıq göstəriblər. Ordumuzun hələ tam formalaşmadığı dövrlərdə belə polis əməkdaşları torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda ön cəbhədə mübarizə aparıblar. Bu, Azərbaycan polisinin nə qədər şərəfli və məsuliyyətli missiya daşıdığını göstərir. Bu gün də Azərbaycan polisi vətəndaşın yanındadır. Xalqın təhlükəsizliyi, hüquqlarının qorunması və ictimai asayişin təmin edilməsi onların əsas fəaliyyət istiqamətidir. Cəmiyyətlə polis arasında qarşılıqlı etimad və hörmət münasibətlərinin formalaşması da bunun bariz nümunəsidir. Müasir dövrdə polisin qarşısında duran vəzifələr daha da genişlənib. Rəqəmsallaşma, süni intellekt texnologiyalarının inkişafı və kibertəhlükələrin artması hüquq-mühafizə orqanlarından yeni bilik və bacarıqlar tələb edir. Hesab edirəm ki, Azərbaycan polisi innovativ texnologiyalardan səmərəli istifadə etməklə rəqəmsal mühitdə yaranan təhlükələrin qarşısının alınması istiqamətində də fəaliyyətini daha da gücləndirəcək".
Aişə Mustafayeva, Mayıl Soltanov