00:00:00
Yazar
Zəhra Həsənova
18.06.2026 21:26 30 3 dəq oxuma
Sosial

Polis vətəndaşı razılığı olmadan psixiatrik müayinəyə göndərə biləcək

Polis vətəndaşı razılığı olmadan psixiatrik müayinəyə göndərə biləcək

“Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliklərə əsasən, psixi pozuntusu olduğu ehtimal edilən şəxslərə tibbi yardımın gecikdirilməsi onların özləri və ya ətrafdakılar üçün təhlükə yarada bilərsə, həmin şəxslər özlərinin və ya yaxınlarının razılığı olmadan psixiatrik müayinəyə yönləndirilə biləcəklər. Layihə ictimai təhlükəsizliyin təmin olunması və təxirəsalınmaz hallarda tibbi müdaxilənin operativ həyata keçirilməsi məqsədi daşıyır.

 

Mövzu ilə bağlı psixoloq Mirsadiq Muxtarov “İnformator.az”a açıqlamasında bildirib ki, psixiatrik müayinə və müalicə sahəsində əsas prinsiplərdən biri şəxsin seçimlərinə və öncədən məlumatlandırıldığı halda verdiyi razılığa hörmət edilməsidir:

 

“Bu baxımdan məcburi müayinə yalnız istisna hallarda və ciddi hüquqi əsaslar olduqda tətbiq edilməsi məqsədəuyğun hesab edilir. İnsan hüquqları ilə ziddiyyət riski o zaman yaranır ki, şəxsin psixi vəziyyəti ilə bağlı qərar kifayət qədər obyektiv sübutlara deyil, subyektiv mülahizələrə əsaslansın və ya müayinə proseduruna şəffaf və tərəfsiz nəzarət mexanizmləri yaradılmasın. Belə hallarda şəxsin şəxsi azadlığına, ləyaqətinə və öz həyatı ilə bağlı qərarvermə hüququna müdaxilə baş verə bilər. Buna görə də beynəlxalq təcrübədə məcburi psixiatrik müdaxilələr adətən yalnız şəxsin özünə və ya ətrafdakılara real və yaxın təhlükə yaratdığı hallarda tətbiq edilir. Aydın məsələdir ki, bu prosess də, hüquqi əsaslarla reallaşdırılır. Dediklərimizi ümumiləşdirsək, qanundakı dəyişiklikdə əsas məqsəd insan hüquqlarını məhdudlaşdırmaq deyil, həm şəxsin özünü, həm də cəmiyyəti mümkün risklərdən qorumaqdır.
Psixologiya və psixiatriya sahəsində riskin qiymətləndirilməsi üçün elmi metodlar və klinik meyarlar mövcuddur. Bununla belə qeyd etmək vacibdir ki, heç bir mütəxəssis və ya qiymətləndirmə vasitəsi gələcək düşüncə və davranışları yüz faiz dəqiqliklə proqnozlaşdıra bilməz. Risk qiymətləndirilərkən şəxsin keçmiş davranışları, hazırkı psixi vəziyyəti, reallığı dərk etmə qabiliyyəti, aqressiv davranış tarixçəsi, intihar və ya özünə xəsarət yetirmə ehtimalı, eləcə də sosial mühiti kimi çoxsaylı amillər nəzərə alınır. Qeyd etmək lazımdır ki, cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biri, psixi pozuntusu olan insanların əksəriyyətinin təhlükəli olması düşüncəsidir. Elmi araşdırmalar göstərir ki, psixi pozuntusu olan şəxslərin böyük hissəsi zorakı davranış nümayiş etdirmir və əksinə, əksər hallarda onların özləri ayrı-seçkilik və stiqmanın qurbanına çevrilirlər. Məhz bu səbəbdən də, riskin qiymətləndirilməsi diaqnoza deyil, sadalanan bir çox şəxsi göstəriciyə əsaslanmalıdır”.

 

Psixoloq əlavə edib ki, bu dəyişiklik cəmiyyətin necə qəbul ediləcəyindən və necə tətbiq olunacağından asılı olaraq həm müsbət, həm də mənfi təsirlər yarada bilər:

 

“Müsbət tərəfdən yanaşsaq, təxirəsalınmaz hallarda risk altında olan şəxslərin daha erkən aşkar olunmasına və vaxtında tibbi yardım almasına imkan yarada bilər. Bu isə aydın məsələdir ki, həm şəxsin sağlamlığı, həm də ictimai təhlükəsizlik baxımından əhəmiyyətlidir. Digər tərəfdən, əgər insanlar bu dəyişikliyi onların razılığı olmadan psixiatriya xidmətlərinə yönləndirilməsi kimi qəbul etsələr, psixi sağlamlıq xidmətlərinə müraciət etməkdən çəkinə bilərlər. Bu da mütəxəssislərə olan etimadın azalmasına səbəb ola bilər. Xüsusilə də psixi xəstəliklərlə bağlı stiqmanın yüksək olduğu cəmiyyətlərdə insanlar yardım axtarmaqdan çəkinə bilərlər. Ona görə də qanunun tətbiqi zamanı şəffaf prosedurların, peşəkar ekspert qiymətləndirməsinin və hüquqi təminatların mövcudluğu çox vacibdir. İnsanlar əmin olmalıdırlar ki, bu mexanizm cəzalandırma vasitəsi deyil, yalnız real risk hallarında sağlamlığın və təhlükəsizliyin qorunmasına xidmət edən tədbirdir”.

 

Fatimə Hüseynli

#xəbər #razılığı #göndərə #biləcək
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər