Pop-mədəniyyət və subkulturlar
Pop-mədəniyyət və subkulturlar gənclərin gündəlik həyatında özünü ifadə etmə vasitəsinə çevrilib. Moda, musiqi, sosial media və estetik trendlər insanlara kimliklərini göstərmək və aid olduqları qrupu ifadə etmək imkanı verir. Bu proses həm fərdiliyi, həm də cəmiyyət daxilində birliyi gücləndirir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Lalə Mehralı bildirib ki, gənclərin şəxsiyyətinin formalaşmasında, özünü tanımasında subkulturlar mühüm rol oynayır:
“Subkulturlar öz tərzini, həyat yönünü tapmağa kömək olur, lakin həm də təhlükəli ola bilir. Çünki subkultura həmişə yaxşı vərdişlər aşılamır, təhlükəli cərəyanlara da yönəldə bilir. Öz kimliyini dərk etmək, başqalarından fərqlənmək istəyən gənc üçün hər hansı subkultur cəlbedici ola bilər, özü kimi düşünən, geyinən, davranan başqalarını tanımaq, onlarla eyni mühitdə olmaq ona xoş ola bilər, amma bu cür ətrafının olması onun kimliyini təsdiq etməsi, özünü tapması demək deyil. Özünü mənsub hiss etmək bəzən gəncin başına bəla da ola bilər, amma bəzən ona faydalı da ola bilər, özü kimi aydın düşüncəli insanlarla bir araya də gələ bilər. Amma elə subkulturlar da var ki, gənclərə riski, təhlükəni, zərərli vərdişləri aşılayır, risk etməyəni o çevrəyə buraxmırlar, təhlükə sevməyən onlarla eyni mühitə girə bilmir. Bəzən cəmiyyətin əksinə getmək təlqin edilir, bəzən isə özünü tapmasına kömək edir, bəzən sosiallaşdırır, bəzən təcrid edir. Bəzən subkulturlar multikultural bəzən radikal ola bilir. Bəzən gənc istəmədən də olsa həmin kulturanın qaydalarına boyun əyməli olur, çünki ondan bu tələb edilir. Sağlam ənənələrə dayanan, savadı, təhsili, mədəniyyəti, mənəviyyatı, insani keyfiyyətləri aşılayan subkultlar təhlükəli deyil, əksinə gəncin öz hədəflərini tapa bilməsi üçün bir növ yoldur”.
Müsahibimiz həmçinin bildirib ki, populyar mədəniyyətlərin cəmiyyətə təsirlərinin son illər bariz nümunələrini görə bilirik:
“Pop-mədəniyyət adı altında cəmiyyətin estetik zövqü dəyişdirildi, görüntüsü dəyişdirilib, danışıq, davranış, mədəniyyət səviyyəsi dəyişdirilib. İnsanlar populyar olan hər şeyin arxasınca qaçır, zərərinin və ya faydasının olmasını analiz etmədən. Kimsəni kütlə sevirsə, hamı özünü onu sevməyə borclu hiss edib, hər hansı bir geyim dəb oldusa insanlar kütləvi o geyimdən alıb, hansısa bir qida çoxluğun istehlak etdiyi bir hala gəldisə hamı onun dadına baxmağı özünə borc bilib. Pop-mədəniyyət bizim mədəniyyətimizi pozdu, desəm, yanılmaram. İnsaların fərdi düşüncəsi, fərdi stili, fərdi istəkləri məhv edildi, eyni qaşı-gözü, eyni geyimi, eyni müsuqiyə qulaq asan insanlar çoxalıb. Danışığı, istifadə etdiyi sözlər, ünsiyyət forması eyniləşən insanlar peyda olub. Pop-mədəniyyətlərin ünsiyyət dili ümumiləşib. Öz kimliyini unudanlar, müəyyən qruplara aid olmağa çalışanlar artıb. İstehlak alıqşanlıqları, zövqlər, tərzlər zamanla dəyişdi. Sosial-mədəni-mənəvi dəyişikliklər çox gözə çarpıb. Kütləvilik, trendə ayaq uydurmaq kimi öhdəliyi olub insanların”.
Eyni zamanda müsahib bildirib ki, sosial şəbəkələr subkulturaların yayılmasında böyük rol oynayıb:
“Əvvəl bu kimi cərəyanlar lokal idi, hər bölgəyə, mühitə, çevrəyə xas idi, amma sosial şəbəkələr əlçatanlığı asanlaşdırıb, fərqli bölgələrdə yaşayan, amma baxışı, tərzi, zövqləri eyni olan insanları yaxınlaşdırıb, subkulturları kütləviləşdirib deyə bilərik. Trend olan paylaşımlar ediblər, xüsusi hastaqlardan istifadə ediblər, özlərinə virtual məkan təyin ediblər, qruplaşıblar, müəyyən simvolları paylaşmaqla virtual məkanda da öz kimliklərini hiss etdiriblər, həyat tərzlərini, baxış bucaqlarını əks etdirən vloq çəkiblər, editlər hazırlayıblar, daha böyük çevrələri olub, daha çox dost tapıblar. Bir sözlə, qlobal olublar".
Banuçiçək Məmmədova
