00:00:00
Yazar
Zəhra Həsənova
27.04.2026 16:54 15 4 dəq oxuma
Sosial

Populyar məhsullar keyfiyyətin göstəricisidir, yoxsa sadəcə reklamın gücü?

Populyar məhsullar keyfiyyətin göstəricisidir, yoxsa sadəcə reklamın gücü?

Son illərdə bazarda geniş yayılan və sürətlə satılan məhsulların artması “populyarlıq keyfiyyət deməkdirmi”? sualını yenidən gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda məhsulun çox satılması onun həqiqətən keyfiyyətli olmasından qaynaqlansa da, əksər hallarda bu göstərici güclü marketinq strategiyaları, sosial şəbəkələrdə aparılan reklam kampaniyaları və trend təsiri ilə formalaşır. 

 

Mövzu ilə bağlı alıcı Məryəm Sadıqova “İnformator.az”a açıqlamasında bildirib ki, məhsul alarkən mənim üçün əsas meyar keyfiyyətdir, populyarlıq hər zaman düzgün seçim demək deyil:

 

“Sosial şəbəkələrdə trend olan məhsullar çox vaxt güclü reklam və marketinq kampaniyalarının təsiri ilə yayılır və bu, onların real keyfiyyətini tam əks etdirmir. Mən də sosial şəbəkələrdə gördüyüm bəzi trend məhsulları sınamışam, lakin hamısı gözləntilərimi qarşılamayıb. Xüsusilə, kosmetik vasitələr, telefon aksesuarları və bəzi mətbəx üçün nəzərdə tutulan “viral” məhsulların bir hissəsi yalnız reklam təsiri ilə diqqət çəkir”.

 

Onun sözlərinə görə, “hamı alır” düşüncəsi ilə aldığı bəzi məhsullardan sonradan razı qalmayıb və peşman olub. O hesab edir ki, istehlakçılar məhsul seçərkən populyarlığa deyil, real keyfiyyətə və şəxsi ehtiyaca daha çox diqqət yetirməlidirlər.

 

Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev “İnformator.az”a bildirib ki, məhsulun keyfiyyəti bir sıra əsas amillərlə müəyyən olunur. Burada istehsal xərcləri, məhsulun tərkibi, istifadə olunan texnologiyalar və istehsal standartları mühüm rol oynayır:

 

“Məhsulun keyfiyyəti onun hansı texnologiyalarla və hansı standartlara uyğun istehsal olunmasından birbaşa asılıdır. Reklam isə məhsulun dəyər qazanmasına kömək edə bilər, lakin daha çox reklam olunan məhsulun mütləq keyfiyyətli olması demək deyil. Keyfiyyətli məhsul o zaman formalaşır ki, onun dəyəri ilə reklamı arasında uyğunluq olsun. Burada sosial məsuliyyət də ön plana çıxır - məqsəd cəmiyyəti aldatmaq yox, məhsulun real üstünlüklərini təqdim etmək olmalıdır. Reklam bazarda satış üçün əlverişli mühit yaradır. Bəzən 20 manatlıq dəyəri olan məhsul reklam vasitəsilə 200 manata qədər satıla bilir. Bu isə reklamın qiymətə və bazar davranışına təsirini göstərir. reklam həm məhsulun qiymətini artıra, həm də süni şəkildə populyarlıq yarada bilər. Bu, reklamın idarə olunmayan mənfi təsirlərindən biridir. Sahibkarlar məhsullarını daha yüksək qiymətə satmaq üçün reklamdan istifadə edirlər və bu, bazarda güclü təsir yaradır”.

 

Ekspert vurğulayıb ki, reklam məhsulun bazarda tanınmasına və populyarlığının artmasına təsir göstərsə də, bu, keyfiyyət göstəricisi deyil:

 

“Bəzən daha çox reklam olunan məhsul daha çox satılır, lakin bu, onun mütləq keyfiyyətli olması anlamına gəlmir. Keyfiyyət o zaman formalaşır ki, məhsulun dəyəri ilə onun reklamı arasında uyğunluq olsun. Bu halda həm istehsal prosesi daha şəffaf olur, həm də istehlakçıya düzgün məlumat təqdim edilir. Sosial şəbəkələrdə trend olan məhsullar hər zaman real keyfiyyəti əks etdirmir. Trend olan hər məhsul faydalı və ya yüksək keyfiyyətli olmur, bəzən yalnız reklam və psixoloji təsir nəticəsində populyarlaşır. Reklam istehlakçı davranışına güclü təsir edən psixoloji vasitədir və brend imicinin formalaşmasında mühüm rol oynayır. Lakin bu təsir bəzən istehlakçını yanlış seçimə də yönləndirə bilər”.


Sonda Naib Niftəliyev bildirib ki, istehlakçılar məhsul seçərkən yalnız populyarlığa deyil, onun real keyfiyyətinə, tərkibinə və şəxsi ehtiyaclarına əsaslanmalıdırlar:

 

“Müasir texnologiyalar və süni intellekt bu baxımdan insanlara əlavə imkanlar yaradır. Buna baxmayaraq, bəzən insanlar emosional və tələsik qərarlar verərək 10 manatlıq məhsulu 100-150 manata alır və sonradan buna peşman olurlar. Bu da göstərir ki, bəzi istehlakçılar bazarda psixoloji təsirlərə daha çox meyillidirlər. Əslində, aldanmaq istəməyən insanı aldatmaq da çətindir. Ona görə də hər bir istehlakçı maliyyə imkanlarını düzgün planlaşdırmalı, xərclərini düşünərək qərar verməlidir. Bəzən insanlar ehtiyac olmadan yanlış seçimlər edir və bu zaman manipulyativ reklamlar daha güclü təsir göstərir. Bu məsələlər qanunvericilikdə daha ciddi şəkildə tənzimlənməlidir. Rəqabət mühitində həm istehsalçıların, həm də istehlakçıların hüquqları bərabər şəkildə qorunmalıdır. Eyni zamanda, sosial məsuliyyət anlayışı da daha aydın və konkret şəkildə ifadə olunmalıdır. İstehsalçılar öz şəxsi mənfəətləri ilə cəmiyyətin maraqlarını düzgün balanslaşdırmalıdırlar. Məhsulun real bazar dəyərinə uyğun qiymət siyasəti formalaşdırılmalıdır. Bazar iqtisadiyyatında tələb və təklif əsas rol oynayır, lakin psixoloji təsirlər də bu prosesi ciddi şəkildə dəyişə bilir. Xüsusilə, enerji məhsulları və gündəlik istehlak mallarında qiymət dəyişiklikləri buna nümunədir. Reklam və psixoloji təsir bazar iqtisadiyyatında mühüm rol oynayır, lakin bu təsir bəzən manipulyasiya vasitəsinə çevrilə bilir. Buna görə həm istehlakçılar, həm də istehsalçılar məsuliyyətli davranmalı, qərarlarını daha məlumatlı şəkildə qəbul etməlidirlər”.

 

Fatimə Hüseynli

#gündəm #xəbər #keyfiyyətin #məhsullar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər