“Piyada məsuliyyətsizliyi ağır nəticələrə səbəb olur” - AÇIQLAMA
Paytaxtda 12 zolaqlı yolda baş verən və piyadanın ölümü ilə nəticələnən qəza yol hərəkəti təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Hadisənin videogörüntüləri göstərir ki, belə hallarda təkcə sürücü diqqətsizliyi deyil, piyadaların qaydalara əməl etməməsi də faciəvi nəticələrə gətirib çıxarır. Mütəxəssislər xüsusilə çoxzolaqlı və yüksək sürət rejimli yollarda piyada davranışının həyati əhəmiyyət daşıdığını vurğulayır.
Mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Əlizadə Nərgiz “İnformator.az”a açıqlamasında bildirib ki, təqdim olunan videogörüntü hadisədə təkcə sürücü deyil, piyadanın da məsuliyyətsiz davranışının həlledici rol oynadığını göstərir:
“Təqdim edilən videogörüntü deməyə əsas verir ki, ağırlıq dərəcəsi yüksək olan bu yol-nəqliyyat hadisəsində sürücü diqqətsizliyi ilə yanaşı, piyada məsuliyyətsizliyi də həlledici rol oynayır. Bu kimi hallar təəssüf ki, son dövrlərdə daha tez-tez müşahidə olunur və ciddi narahatlıq doğurur. Mürəkkəb infrastrukturlu, çox zolaqlı və yüksək sürət rejiminin tətbiq edildiyi yol sahəsini bu şəkildə keçmək öz həyat və sağlamlığını birbaşa risk altına atmaq deməkdir.Yol hərəkəti iştirakçıları arasında ən müdafiəsiz tərəf olan piyadaların bu cür davranışı yolverilməzdir və bu, həm onların öz həyatı, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. Təqdim olunan görüntüdən hər kəs düzgün nəticə çıxarmalı, özünün və digər hərəkət iştirakçılarının həyatına laqeyd yanaşmamalıdır. Bir daha xatırladırıq ki, piyadalar yolu yalnız müəyyən olunmuş yerlərdən (yerüstü və ya yeraltı) piyada keçidlərindən istifadə etməklə keçməlidirlər. Bu qaydalara hər bir şəxs qeyd-şərtsiz əməl etməlidir və bu yanaşmanın həyat əhəmiyyətli olduğu unudulmamalıdır. Yaddan çıxarmayaq ki, yolda təhlükəsizlik hər birimizin düzgün və məsuliyyətli davranışından asılıdır”.

Ayşə Müzəfərli