Portuqaliya Macarıstana qarşı 2:2 hesablı bərabərliklə kifayətlənib
Portuqaliya DÇ-2026-ya vəsiqəni rəsmiləşdirmək şansını əldən verib. Komanda evdə keçirilən seçmə mərhələ oyunda Macarıstanla 2:2 hesablı heç-heçə edib. Qarşılaşmada Dominik Szoboszlai son dəqiqələrdə vurduğu qolla Portuqaliyanın qələbəsinə mane olub.
Qələbə halında Portuqaliya F qrupunun lideri olaraq birbaşa final mərhələsinə vəsiqəni təmin edəcəkdi. Lakin bu nəticədən sonra 4 oyundan 10 xalla lider olsalar da, 5 xalla ikinci pillədə olan Macarıstanla fərq qorunub. Hər iki komandanın 2 oyunu qalır. İrlandiya 4 xalla üçüncüdür. Macarıstan oyunun 8-ci dəqiqəsində Attila Szalai-nin baş zərbəsi ilə hesabı açıb. Lakin 40 yaşlı Cristiano Ronaldo 22-ci dəqiqədə bərabərlik qolunu vuraraq DÇ seçmə mərhələlərində 40-cı qoluna imza atıb və bu göstəricidə dünya üzrə rekordçu olub. O, bu göstəricidə Carlos Ruiz-i geridə qoyub. Birinci hissənin əlavə dəqiqələrində Ronaldo növbəti dəfə fərqlənərək hesabı 2:1 edib və Portuqaliyanı fasiləyə üstün aparıb.İkinci hissədə Portuqaliya üstünlüyə malik olub və iki dəfə dirəyə tuş gəlib. Lakin matçın sonlarına yaxın Macarıstan daha fəal oynamağa başlayıb, Salai bir dəfə dirəyə tuş gəlib. Əlavə vaxtda Szoboszlai Portuqaliya müdafiəsinin səhvindən yararlanaraq hesabı bərabərləşdirib və azarkeşlərin qələbə sevincinə mane olub.
Reuters
Mələk Nəsirli
